"Matça yaxşı başladıq, vaxtında qol vurduq və fasiləyə öndə yollandıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Serbiya yığmasının qapıçısı Predraq Raykoviç Bakıda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.
26 yaşlı qolkiper ikinci hissəyə pis başladıqlarını bildirib: "Fasilədən sonra konsentrasiyada bir qədər azalma oldu. Rəqib üçün penalti yaratdıq. İkinci hissədə həmin epizodadək rəqibin qol şansları belə, yox idi. Buraxdığımız topdan sonra xarakter göstərdik və bizim üçün vacib olan 3 xalı aldıq".
Raykoviç ilk hissədə Əli Qurbaninin zərbəsini dəf etməsi barədə də danışıb: "Həmin vaxt kiçik anlaşılmazlıq oldu. Xoşbəxtlikdən, zərbə güclü alınmadı. Mənim işim həmin zərbə də daxil olmaqla, hər şeydən müdafiə olunmaqdır. Penalti epizodunda isə Filip Kostiç rəqibi görmədi. Sadəcə topa baxırdı. Belə hallar olur, normaldır. Onu çox günahlandırmayacağam. Amma növbəti dəfə araxasına baxsın (gülür).
Qapıçı hazırda qrupda lider olmalarından məmnunluq ifadə edib: "Ümidvaram ki, sonadək belə olacaq. Birbaşa dünya çempionatına vəsiqə qazanmaq istəyirik".