“Bakı” Futbol Klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Sportnet.az xəbər verir ki, H.Məmmədov A.Rəhimovun dünyasını dəyişməsi xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladığını bildirib.
"Azad müəllimi uzun illərdir tanıyırdım. O, vətənini sevən, işgüzar, dövlətinə sadiq bir insan idi. Bir neçə il əvvəl İspaniya “Atletiko”su ilə əməkdaşlığa başlayarkən, müqavilənin imzalanmasında məhz Azad Rəhimov dövlət rəsmisi kimi bizə lazımi dəstəyi göstərdi. Hətta səfərlərimizdən birində, Madrid şəhərində “Atletiko” klubunun rəhbərləri ilə görüşləri bərabər keçirdik və o işgüzar görüşlərdən çox gözəl xatirələr qaldı" deyən biznesmen mərhum nazirin xatirəsini həmişə yaşadacaqlarını vurğulayıb.
"Azad qardaş, qəbrin nurla dolsun. Ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”, - H.Məmmədov əlavə edib.