"Legiya"da təzyiq hər zaman böyük olur. Yeni hücumçu bir neçə oyunda fərqlənə bilməsə, qolsuz matçların sayı artır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Matsey Muravski Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava təmsilçisinin heyətində Çempionlar Liqasında uğurlu startı barədə danışarkən deyib.
Tanınmış müdafiəçi bildirib ki, Norveçdə "Budyo Qlimt"ə qarşı I təsnifat mərhələsinin ilk görüşündə dubl edən 24 yaşlı forvardın özü də bu cür başlanğıcı xəyal edə bilməzdi: "Ən əsası odur ki, Mahir təzyiq altına düşmədi. Onun əla qol duyumu var. Fərqləndiyi ilk epizodda çox gözəl instinkt nümayiş etdirdi. Bir sözlə, işinin öhdəsindən lazımınca gəldi. İkinci qolu isə əla ötürmədən sonra vurdu. Burada isə onun cəldliyi, sürəti və soyuqqanlılığı öz sözünü dedi. Yəni, heç bir qol təsadüf nəticəsində vurulmadı. Emreli yeni mövsüm öncəsi keyfiyyətli oyunçu olduğunu təsdiqlədi".
Qeyd edək ki, Mahir Emreli "Budyo Qlimt"lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənərək, komandasına 3:2 hesablı qələbə qazandırıb.