AFFA-nın inzibati binasının xarici görkəmi dəyişdiriləcək.
Sportnet.az-ın məlumatına görə, artıq bununla bağlı işlərə start verilib. İlk olaraq, binanın dəmir üzlükləri çıxarılacaq. Daha sonra yeni üzlüklə bağlı işlərə başlanılacaq.
Dəyişikliyə səbəb binanın yaxınlıqdakı Ağ Şəhərin tikilərinə uyğunlaşdırılmasıdır. Böyük ehtimalla AFFA-nın ofisinin yeni siması ağ rəngdə olacaq.
AFFA-nın inzibati binasının təməlqoyma mərasimi 2004-cü il oktyabrın 13-də FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın I vitse-prezidenti Şenes Erzik, FİFA-nın İcraiyyə Komitəsinin üzvü Mişel Platini və digər rəsmi şəxslərin iştirakı ilə keçirilib.
2007-ci il oktyabrın 17-də AFFA-nın inzibati binasının rəsmi açılış mərasimi olub. Tədbirdə FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, gənclər və idman naziri Azad Rəhimov, digər rəsmi şəxslər iştirak ediblər. Binada 37 kabinet, 1 iclas otağı, 1 konfrans zalı, 2 muzey, 1 yeməkxana və 1 arxiv otağı var.