"Oyunçularımın əzmkarlığından razıyam, amma qarşıda bizi çox iş gözləyir. Hədəfimiz növbəti həftəyədək daha güclü olmaqdır".
Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.
Portuqaliyalı mütəxəssis hələ arzuolunan səviyyədə olmadıqlarını bildirib: "Hələ çox işləməli olduğumuzu bilirik. Hazırlaşmaq və istədiyimiz səviyyəyə çatmaq üçün bir həftə vaxtımız var".
51 yaşlı baş məşqçi "Neftçi"ni yaxşı tanıdıqlarını da vurğulayıb: "Rəqibi analiz etmişik. Maraqlı oyunçulara malik komandadır. Mərhələnin oyunları asan olmayacaq. Çətinliklərlə üzləşəcəyik, amma mümkün qədər daha yaxşı hazırlaşacağıq".
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.