"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Bazel" yaxşı komandadır. Bu rəqibə qarşı matçdan təcrübə qazanmaq və təkmilləşmək üçün istifadə etmək istəyirik. Düşünürəm ki, artıq nəticə qazanmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq evdə İsveçrə "Bazel"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının H qrupunun IV tur oyunundan öncə mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis Nikosiyada "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları matçı da xatırlayıb: "Avropadakı çıxışlarımız çox yaxşıdır. Yalnız "Qarabağ"a qarşı oyunun son 20 dəqiqəsində bəxtimiz gətirmədi. Qalan görüşlərdə yaxşı oynasaq da, nəticə əldə edə bilmədik".
Qeyd edək ki, noyabrın 4-də oynanılacaq "Omoniya" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu qrupun digər matçında isə "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. "Ortalık" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.