Azərbaycan Premyer Liqasının arxada qalan 24 turundan sonra bir çox məsələlərə böyük ölçüdə aydınlıq gəlib. Turnir cədvəlində vahid lider olan “Qarabağ”, möcüzə baş verməsə, daha dəqiqi, son 4 oyunda cəmi 1 xal toplasa, çempionluq qazanacaq. Ən azı Konfrans Liqasına ilk vəsiqəni isə “Neftçi” ötən tur “Səbail” üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində təmin edib.
Sona 4 tur qalsa da, Konfrans Liqasına son iki vəsiqənin adına aydınlıq gəlməyib. 3-cü yerdə qərarlaşan “Zirə” böyük ölçüdə arzusuna çatmağa yaxındır. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda qalan 4 oyunda 2 qələbə qazansa, həm də bürünc medalları təmin edəcək.
Qəsəbə təmsilçini eyni vaxtda “Sabah” ilə “Qəbələ” izləyir. Hər iki komandanı “Zirə”dən 7 xal ayırır. Hazırda onlar eyni xala malik olsalar da, şəxsi oyunlara, top fərqinə görə Murad Musayevin baş məşqçi olduğu kollektiv üstün olduğu üçün 4-cü yerdə qərarlaşıb.
Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ”nin mübarizə apardığını nəzərə alsaq, ölkə çempionatında 4-cü pillədə qərarlaşan komanda da Konfrans Liqasına vəsiqəni əldə edəcək.
“Qəbələ”
3 ildən çoxdur maliyyə durumu ürəkaçan olmayan, heyət sarıdan kasadlığı ilə “göz oxşayan” “qırmızı-qaralar”ın 2021/2022 mövsümündə yüksək yerlər uğrunda mübarizə aparacağını heç kim gözləmirdi. Lakin mövsüm başlayandan “Qəbələ” gözlənilmədən həm oyun planında artırdı, həm rəqiblərini məğlub etdi, həm qış fasiləsinə turnir cədvəlinin vitse-çempion kimi yollandı, həm də Azərbaycan Kubokunda mübarizəsini davam etdirdi. Elmar Baxşıyevin uğurunun iki əsas sirri rəqiblərin “Qəbələ”ni düzgün qiymətləndirməməsi və komandanın döyüşkən, yaradıcı, kollektiv oyuna üstünlük verməsidir.
Lakin qış fasiləsindən sonra “qırmızı-qaralar”ın “Barbarossa”sayağı hücum planı tükənib. Komanda 10 oyuna 2 qələbə qazanıb, son 7 oyunda isə qələbə üzünə həsrətdir və cəmi 3 xal toplaya bilib. “Qəbələ” gözlənilmədən tutduğu 2-ci pillədən, elə gözlənilmədən də 5-ci yerə yuvarlandı. Komandanın enişə yuvarlanmasının səbəbləri bunlar ola bilər:
Arxayınlıq
“Qəbələ”nin sərgilədiyi yaradıcı oyunla güclü rəqibləri (“Qarabağ” istisna olmaqla) bir-birinin ardınca sıradan çıxarması, turnir cədvəlində 2-ci pillədə qərarlaşması nə baş məşqçinin, nə də futbolçuların ağlına gələrdi. Lakin getdikcə onlar göstərdilər ki, bu, mümkündür. Həmçinin əldə etdikləri zəfərlər onlarda xeyli arxayınlıq yaratdı.
Ruh düşkünlüyü
Arxayınlığın nəticəsində gələn məğlubiyyətlər, xal itkiləri komandada ruh düşkünlüyü doğurdu. Kollektivdə həm qış fasiləsindən sonra, həm də axırıncı 7 oyunda ruh düşkünlüyü açıq-aydın görünür. Bu gün “qırmızı-qaralar” acınacaqlı vəziyyətdə olan “Səbail”, “Sumqayıt” və “Şamaxı” kimi komandalarla oyunlarda yalnız xal itirmədi, həm də oyun planında onlara uduzdu.
Zədəlilər bəhanədir
Bu gün Elmar Baxşıyev komandasının uğursuz çıxışının səbəblərindən biri kimi əsas heyətdə zədəli, cəzalı futbolçuların olmasını göstərir. Yaovi Akakponun uzun müddətdir zədəli olması, xeyli vaxtdır zədəlilər sırasında olan Rüfət Əhmədovun hazırda meydana çıxsa da, əvvəlki formasında uzaq düşməsi, Fernan Lopezin zədə səbəbindən son 4 oyunu buraxması komandanın uğursuzluğunda əsas götürülür. “Qəbələ”nin XXII turda “Səbail”ə gözlənilməz məğlubiyyətlə vacib xallar itirməsini də mərkəz müdafiəçisi Ruan Renatonun bir oyunluq cəzalı olması ilə bağladılar.
Bir məsələni xüsusi vurğulayım ki, Əhmədov cari cempionatın II, Akakpo IV turunda sıradan çıxıb. Lopez isə qış fasiləsindən sonra komandaya qoşulub. Yəni, hər üç futbolçunun yoxluğu zamanı “Qəbələ” yaradıcı oyunu ilə turnir cədvəlində irəliləməkdə idi. Elmar Baxşıyev komandasını kollektiv oyun üzərində qurubsa, cəza-zədə səbəbindən kiminsə kənarda qalması uğursuz çıxışlara əsas vermir. Uğursuzluğun səbəbləri kimi bunlar qabardılmalıdır:
Komandanın sehrli futbolçusu olan və əvəzetmədən oyuna qoşularaq rəqib qapçıları məyus edib qələbələrdə böyük pay sahibi olan Ülvi İsgəndərovun performansı niyə korlanıb? “14 nömrə” sonuncu dəfə XVI turda “Səbail”in qapısına yol tapıb. Ondan sonra isə “qol orucu”na oturub. Yenidən qollarını sıralaması üçün İsgəndərova start heyətində şans vermək daha məntiqli olmazmı? Rövlan Muradovun son oyunlarında zəif çıxış etməsinin səbəbi nədir?
Kasad heyət və itkilərin olmasını da nəzərə alsaq, Omar Hani, Patrik Robson, Ehtiram Şahverdiyev kimi futbolçular nə vaxta kimi əvəzetmədən meydana buraxılacaq? Kamal Mirzəyev kimi futbolçunun təcrübəsindən niyə istifadə edilmir? Qış fasiləsində komandaya cəlb olunan Azərbaycan U-21 millisinin üzvü, müdafiəçi Samet Karakoça özünü göstərməyə şans verməyin vaxtı yetişməyibmi? Mehrac Baxşalı, Rauf Rüstəmli, Gülağa Əsədov, Hüseyn Mürsəlov kimi gənclər nə vaxta kimi meydana çıxmaq həsrətini çəkəcəklər? Kristof Atanqananın 2 oyuna (biri kubok) 5 top buraxması pis qapıçı olmasına görə yox, oyun praktikasının yoxluğundan dolayı gerçəkləşib.
Elmar Baxşıyev zədə-cəza məsələsini kənara qoyub, yuxarıdakı nüanslar üzərində işləyərək, komandanın əvvəlki göz oxşayan oyununu bərpa etməlidir. Əks təqdirdə, elə 5-ci pillədə qalacaqlar.
“Sabah”ın ikinci nəfəsi açılıb
Futbol ictimaiyyəti, azarkeşlər “Sabah” rəhbərliyindən daim ona görə narazı idilər ki, klub həm maliyyə, həm infrastruktur, həm də futbolçularının keyfiyyət göstəricilərinə görə Premyer Liqada 3 klubdan biri olmasına baxmayaraq, 5 ildir nə rəhbərlik, nə də bir-birini əvəz edən baş məşqçilər qeyd olunan göstəricilərdən yararlanıb komandanı aydın sabahlara çıxara bilib.
Murad Musayev 2021-ci ildə komandanın sükanı arxasına keçərkən də uğursuzluğa məruz qalırdı. Onun da tezliklə yola salınacağına ümid bəsləyənlər çox idi. Amma rusiyalı mütəxəsis qış fasiləsindən sonra oyun planında çox artırdı. Hazırda “Sabah” o qədər gözəl oyunlar nümayiş etdirir ki, hətta məğlub olduğu matçlarda belə, rəqiblərini oyun planında üstələyir. Jelko Sopiç, Visente Qomes, Ramin Quliyev kimi “persona non qrata” elan edilən məşqçilərin aqibətindən nəticə çıxaran Murad Musayev heç kimin gözləmədiyi halda, yaxşı geridönüş edib.
Ümumiyyətlə, “Sabah” cari mövsüm çempionat qarşılaşmalarından 2 heç-heçə 11 qələbə, 11 məğlubiyyətlə ayrılıb. Bu bir daha onu göstərir ki, komanda qorxaq futbol oynayıb xal qopartmaq yox, yaradıcı oyunu ilə zəfərlər əldə etmək istəyir.
Coy-Lens Mikelsin bombardirlik iddiası
“Sabah” klubunda bütün mövqelərdə yetərincə səviyyəli futbolçular olsa da, onlar öz potensiallarını tam ortaya qoya bilmirdilər. Lakin Murad Musayevin gəlişi ilə hər bir futbolçu sanki ani elektrik cərəyanı keçirib canlandı. Onlardan da biri komandanın legioneri Coy-Lens Mikelsdir. Konqo əsilli alman futbolçu sanki hər matçda rəqib qapıçılarını məyus etməmiş hüzur tapmır. Məhz Mikelsin vurduğu qolların “Sabah”ın qələbələr sıralamasında xüsusi rolu var. Futbolçu 11 qolla bombardirlik yarışında “Zirə”li David Volkovla şərikli liderdir.
Hər kəs etimadı doğrultmaq arzusundadır
Çox yaxın keçmişdə “Sabah” enişə yuvarlandığı kimi, oyunçuların psixoloji, mənəvi, fiziki durumları da tənəzzül içində idi. Böyük ümidlərlə transfer olunan həm yerli, həm də əcnəbi futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmirdilər. Hazırda komandanın bütün heyəti tam döyüş vəziyyətindədir. Aleksey İsayev pleymeykerliyi ilə bərabər artıq 6 qol vurub. Xulio Sezar Rodriges, Zurab Oçiqava, Elvin Camalov, Amin Seydiyev başda olmaqla, bütün futbolçular oyun planında çox artırıb. Hiqor Qabriel, Kristian Silva, Lukas Rangel, Boyan Letiç, Aleksey Kaşuk, Aleksandr Neçayev kimi futbolçuların transfer olunması komandada rəqabəti daha da artırıb.
Murad Musayevin digər baş məşqçilərdən fərqli cəhətlərindən biri əlinin altındakı futbolçuların hamısından maksimum istifadə etməsidir. “Sabah” ölkə çempionatında həm əcnəbi, həm yerli, həm də yığmaya dəvət alan təcrübəli futbolçulara sahibdir. Buna baxmayaraq, komandada mütəmadi olaraq, yerli gənc futbolçulara da üstünlük verilir, əvəzedici heyətin oyunçuları əsas komandaya cəlb edilir. Qapıda Səlahət Ağayev, Aleksandr Neçayev kimi təcrübəli qolkiperlərin olmasına rəğmən, son 5 oyunun 4-də qapı xəttində gənc Yusif İmanova şans verilir. O da özünü yaxşı tərəfdən göstərməkdədir. Qısası, “Sabah” komandasında bütün futbolçulara oyun şansı verildiyindən, onlar meydanda maksimum güclərini, bacarıqlarını nümayiş etdirir. Komanda bu cür istəklə 4-cü pilləyə yüksəlibsə, deməli, eyni templə davam etsə, Konfrans Liqasına vəsiqəni təmin edəcək.
Son 4 turda 4-cü yer uğrunda ölüm-dirim mübarizəsi
Qarşıdakı XXV turda “Sabah” səfərdə “Qarabağ”la, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq. Hər iki matçın olduqca gərgin keçəcəyi gözlənilir. “Köhlən atlar” “Sabah”a uduzmayaraq, çempionluğunu qazanacaqsa, “Zirə” “qırmızı-qaralar”ı məğlub etsə, böyük ölçüdə 3-cü pillədə möhkəmlənməklə Konfrans Liqasına yol açacaq. Sensasiya baş versə - “Qəbələ” ilə “Sabah” qələbə qazansalar, intriqa növbəti 3 turda davam edəcək. XXVI və XXVII turlarda “qırmızı-qaralar”ı “Neftçi” və “Şamaxı” ilə ağır, “Sabah”ı “Səbail” və “Sumqayıt”la nisbətən asan matçlar gözləyir. Hər iki turdan sonra da “Qəbələ” ilə “Sabah”ın xalları bərabər olarsa, 4-cü pillənin taleyinə sonuncu turdakı “Qəbələ” - “Sabah” matçı ilə aydınlıq gələcək.
Konfrans Liqasına getməyə kim layiqdir?
Hər iki komandanın qış fasiləsindən sonrakı oyunlarını nəzərə alsaq, “Sabah” yüksəlişə, “Qəbələ” isə enişə doğru irəliləyir. Əyalət təmsilçisi maliyyə sıxıntısından dolayı heyətə səviyyəli futbolçuları qata bilməməklə yanaşı, əlindəki oyunçuları da saxlamaqda çətinlik çəkir. Çempionatın sonuna hələ 4 tur qalmasına rəğmən, “qırmızı-qaralar”ın aparıcı legioner oyunçularından olan Omar Haninin adı İndoneziya klubları ilə hallanır. Komandanın əksər futbolçularının müqavilələri iyunda bitir.
Mövsüm ərzində özünü yaxşı tərəfdən göstərən Nicat Mehbalıyev, Ruan Renato, İsnik Alimi, Rafael Utziq, Murad Musayev, Stefan Vukçeviç kimi əsas heyət oyunçuları böyük ehtimalla, ya daha iddialı komandalara keçəcək, ya da məvaciblərinin artırılmasını tələb edəcəklər. Çətin ki, klub rəhbərliyi bu futbolçuları saxlaya bilsin. Qısası, “Qəbələ”nin qış fasiləsindən sonrakı oyunlarını, zəif büdcəsini, mövsüm sonundakı “yarpaq tökümü”nü, heyətə yeni səviyyəli futbolçuları qata bilməmə və s. sıxıntıları nəzərə alsaq, komanda Konfrans Liqasında çıxış etməyə nə hazır, nə də layiqdir.
Əyalət təmsilçisindən fərqli olaraq, “Sabah”ın maliyyəsi olduqca güclüdür. Klubun heyətinə qış fasiləsində 6 yeni oyunçu cəlb etməsi, hər mövqedə güclü rəqabətin olması, oyun planında yaradıcılıq, baş məşqçinin iddiası, çempionat yekunlaşan kimi əsas heyət oyunçularını komandada saxlamaqla, yay “transfer pəncərəsi”ndə daha bir neçə təcrübəli futbolçunun cəlb ediləcəyini nəzərə alsaq, “Sabah” “qırmızı-qaralar”dan fərqli olaraq, Konfrasn Liqasında çıxış etməyi haqq edir.
Abdulla İSMAYILOĞLU