
Slovakiya millisi Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl ciddi itki ilə üzləşib.
Sportnet.az "Nogomania" nəşrinə istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından hesab edilən Milan Şkrinyar evdə Qazaxıstan seçməsinə 0:1 hesabı ilə uduzduqları görüşdə zədələnib.
İtaliyanın "İnter" klubunda çıxış edən 27 yaşlı müdafiəçi 43-cü dəqiqədə əvəzlənib. Şkrinyarın zədəsinin ciddi olduğu və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.