“Ümumilikdə komandanın oyunundan razı qaldım".
Sportnet.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışında “Qaziantep”ə 1:2 hesabı ilə uduzduqları ilk yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, əsas məqsəd nəticə deyil, xətlərarası əlaqəni daha da yaxşılaşdırmaqdan, futbolçuların lazımi yükləməni qəbul etmələrindən ibarət olub: "Meydançanın vəziyyəti yaxşı olmasa da, komanda topla daha çox oynamağa çalışırdı. İnanıram ki, komanda günlər keçdikcə optimal formaya yaxınlaşacaq".
42 yaşlı mütəxəssis transferlərdən də danışıb: "Öncə üç futbolçu transfer etmişdik - Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santos. Tanıdığımız bu üç oyunçunun adaptasiyasının tez keçəcəyini düşünürəm. Bu gün transfer etdiyimiz Feras Abu Akala gəlincə, o, istədiyim futbolçudur. Onu uzun müddətdir izləyirdim. Sevinirəm ki, komandamıza qoşulub. Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var. Ruan Renato və İsnik Alimi ilə maraqlanmaqları normaldır. Güvəndiyimiz futbolçulardır. “Qəbələ” təkcə Ruanla İsnikdən qurulmayıb. Heyətimizdə onlar kimi faydalı oyunçular çoxdur”.