
“Bir aylıq fasilədən sonra məşqlərimiz başlayıb. Hazırlıq yaxşı səviyyədə gedir, hər şey məşqçimizin nəzarəti altındadır”.
Bu sözləri Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vüqar Mustafayev deyib.
Komandada baş verən dəyişikliklərdən danışan 27 yaşlı yarımmüdafiəçi bir neçə oyunçunun "gənclik şəhəri" təmsilçisini tərk etdiyini bildirib: "Onların yerini doldurmaq üçün yeni oyunçular gələcək. Büdcəyə gəldikdə isə o haqda rəhbərlik danışa bilər. Mənim məlumatım yoxdur".
O, "Sumqayıt"ın yeni mövsüm üçün hədəflərinə də toxunub: "Əsas istəyimiz odur ki, əzmkar, mübariz komanda yaradaq. Ötən mövsüm bizim üçün elə də uğurlu alınmadı. Amma bu mövsüm yüksək hədəflərə görə mübarizə aparacağıq”.
Təcrübəli futbolçu Premyer Liqada komanda sayının artmasından da söz açıb: "Kəpəz” və “Turan”ın elitaya qayıtması sevindirici məqamdır. Bu komandalar çempionata rəng qatacaq, rəqabəti artıracaqlar. İstərdim ki, gələcəkdə bölgəni təmsil edən klubların sayı daha da artsın. Zaqatala, Mingəçevir və digər bölgələrin komandaları da Premyer Liqada olsun. Bu, hər futbolçunun, ümumən futbolun inkişafına böyük təkan verən amildir. İllər sonra 10 komandanın mübarizə aparması gözəl haldır, bu mövsüm azarkeşlər gərgin mübarizəyə şahidlik edəcəklər”.
Kapitan son toplanışda milli komandaya dəvət almaması barədə isə bunları deyib: "Bu barədə çox danışmaq istəmirəm. Düzdür, milliyə dəvət almadım, amma Canini De Biyazinin fikrinə hörmətlə yanaşıram. Yəqin zəif çıxış etmişəm və ya onun planı başqa cür olub. Amma canla-başla çalışıram ki, milliyə çağırılım və yüksək səviyyədə çıxış edim”.