
"Futbol riyaziyyat deyil. Bəzən udmaq olar, uduzmaq da. Məğlubiyyətə layiq deyildik. Uduzmaq bizim günahımızdır. Bir az da sizin stimulunuz oldu ki, komandanız qələbəyə nail oldu". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.
Gedin bildirib ki, ilk yarıda komandasının oyunundan razı qalmayıb. İtaliyalı mütəxəssis fikrini erkən qol buraxmaları ilə əsaslandırıb. Fasilədən sonra isə o, taktiki dəyişiklik edərək, daha yaxşı çıxış etdiklərini vurğulayıb. O, komandamızın sağ cinahının daha yaxşı təsir bağışladığını bildirib: "Mən bu oyunçuları tanımadığımdan, hansı mövqedə boşluqların olacağını bilmirdim".
Gedin 2 il öncə yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzduqları yığmamızla indikini də müqayisə edib: "Əvvəlki oyunda fiziki cəhətdən zəif idik. Bu dəfə isə yaxşı oynadıq. Sizin komanda da yaxşı təsir bağışladı".
Baş məşqçi komandasının qol vəziyyəti yarada bilməməsi fikri ilə razılaşmayıb: "Ola bilsin, siz oyunu başqa yerdən izləyirdiniz. Hakimdən narazılığım yoxdur. Bacarıqlı idi".
Sonda Gedin AFFA-ya yaxşı qarşılandıqları üçün minnətdarlıq edib.