"Rəqib haqqında hələlik o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, onlar da bizim kimi Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Bu səbəbdən pis komanda ola bilməz".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstanın "Ferenstvaroş" klubunun futbolçusu Frank Boli UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri "Qarabağ" barədə "Nemzetisport"a müsahibəsində deyib.
Kot d İvuardan olan 29 yaşlı hücumçu Çempionlar Liqasında asan matçın olmadığını bildirib: "Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Çərşənbə günü səfər matçımız olacaq. Həmin vaxtadək rəqib haqqında bütün məlumatları əldə edəcəyik. Amma hazırda fikrimizi çempionatın I turundakı "Puşkaş Akademiyası" ilə görüşə yönəltmişik. Bu olduqca vacib qarşılaşmadır".
"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.