
"Qəbələ"nin 17 yaşlılardan ibarət komandası İtaliyaya yollanacaq. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv İtaliyanın "A.S.D. Borgaro 1965" klubunun təşkilatçılığı ilə Turin şəhərində keçiriləcək "Mario Maggoni – Walter - Richi” turnirində iştirak edəcək.
1998-ci il təvəllüdlü futbolçular arasında aprelin 3-də start götürəcək turnir 4 gün davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizəyə başlayacaq.
"Qəbələ" və İsveçin "Höteborq" klublarının təmsilçilərindən başqa digər iştirakçılar İtaliyanı təmsil edir. A qrupunda yer alan Qəbələ təmsilçisi ilk mərhələdə meydan sahibi "A.S.D. Borgaro 1965", "Sampdoriya" və "Parma" komandaları ilə üz-üzə gələcək.
B qrupunda "Yuventus" (Turin), "Hellas" (Verona), "Genuya" və "Cuneo”, C qrupunda isə "Atalanta”, "Höteborq", "Torino" (Turin) və "Rappresentativa Regionale Piomonte" kollektivləri mübarizə aparacaq.
"Qırmızı-qaralar" ilk oyununu aprelin 3-də, Bakı vaxtilə 13:45-də "Sampdoriya"ya qarşı keçirəcəklər. "Qəbələ" növbəti gün "Parma” ilə qarşılaşacaq. Ramin Quliyevin yetirmələri qrup mərhələsinin son oyununda meydan sahibi - "A.S.D. Borgaro 1965” komandasını sınağa çəkəcəklər.
Əsasnaməyə görə, A qrupunun qalibi C qrupunun ən güclüsü, B qrupunda birinci olan komanda isə ən yaxşı nəticə göstərmiş qrup ikincisi ilə üz-üzə gələcək. Daha sonra 3-cü yer uğrunda görüş və final matçları baş tutacaq.
Qeyd edək ki, sayca 36-cı olacaq "Mario Maggoni – Walter - Richi” turnirində indiyədək dünyanın və Avropanın ən tanınmış klublarının təmsilçiləri iştirak ediblər.