"Kəpəz" azarkeşləri komandanın baş məşqçisi Yaşar Vahabzadəni istefaya səsləyiblər.
Sportnet.az-ın məlumatına görə, bu, Gəncə təmsilçisinin Premyer Liqanın IV turunda "Səbail"ə 1:4 hesabı ilə uduzduğu oyundan sonra baş verib.
Fanatlar hətta 62 yaşlı mütəxəssis "CBC Sport"a müsahibə verərkən istefa şüarlarını davam etdiriblər.
Oyunsonrası mətbuat konfransında Vahabzadə istefa şüarlarının səbəbini başa düşə bilmədiyini söyləyib: "Bunu onların özlərindən soruşmaq lazımdır. Komandamız uduzanda qışqırmalarının səbəbini anlamaq olar. Amma iş ondadır ki, biz qol vuranda da "istefa" qışqırırlar. İki tur əvvəl "Neftçi"yə qol vuranda da belə bir şüar səsləndirirdilər. Başa düşə bilmirəm, bu, birinci dəfə deyil. Keçən il I Divizionda udduğumuz oyunlarda da "istefa" qışqırırdılar. Nə bilim... Allah bilən məsləhətdir".
Baş məşqçi "Bu şüarlar sifarişlidir?" sualına cavab verməkdə çətinlik çəkdiyini bildirib: "Səbəbini bilsəm, sizə də deyərəm. Ya gərək bu şüarlara fikir verməyim, ya da... Təzyiqlər böyükdür, futbolçulara da pis təsir edir. Oyunçular yaxınlaşaraq, özləri ilə də danışırlar. Bəzən əsəbiləşirlər, mən sakitləşdirirəm. Hər bir futbolçu oyuna çıxanda gözləyir ki, o səsləri nə zaman eşidəcək. Bunları heç də yaxşı qəbul etmirlər.
Qeyd edək ki, "Kəpəz" çempionatda keçirdiyi 4 qarşılaşmanın hamısında məğlub olub.