
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"unun qapıçısı Mark Flekken turnirdə istifadə olunan topu tənqid edib.
Sportnet.az-ın məlumatına görə, o, yerli mətbuata açıqlamasında topun qolkiperlər üçün bəzi çətinliklər yaratdığını söyləyib.
29 yaşlı qapıçı bildirib ki, toplar sanki çoxlu qol vurmaq üçün hazırlanıb: "Dəqiq zərbə zamanı havada çox yellənir. Bundesliqada oynadığımız toplardan fərqlidir. Buna görə də avrokuboklarda bacardığımız qədər çox qol vurmalıyıq".
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mark Flekkenin qoruduğu qapıdan yeganə qolu 39-cu dəqiqədə Marko Veşoviç keçirib. Zərbə təcrübəli qolkiperin üzərinə gəlsə də, o, topu qaytara bilməyib.