Ukraynanın "Çernomorets" klubu futbolçulara gecikən əmək haqları qarşılığında Odessada daşınmaz əmlak təklif edib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun baş direktoru Sergey Kernitskiy açıqlama verib:
"Futbolçularla danışdıq və onlar seçim etməlidirlər. Ya bir il müddətində olan borcu ödəyəciyik, ya da onlara Odessada sənədləri hazır olan ev verəcəyik. Dəniz sahilində gözəl mənzərəli evlərdir. Çimərliklə 80 metr məsafədə yerləşir".
Həmin ərazidə yerləşən evlərin qiyməti təxminən 100 min dollardır. Onun sözlərinə görə, artıq bəzi futbolçular bu şərtlərlə razılaşıb.
Qeyd edək ki, "Qəbələ"nin hazırkı baş məşqçisi Roman Qriqorçukun sabiq komandası olan "Çernomorets"də maliyyə problemi Ukrayna bankının sponsorluqdan çəkilməsindən sonra yaranıb.