
Makedoniya milli komandasının yeni baş məşqçisi açıqlanıb. Sportnet.az-ın Makedoniya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu, Yuqoslaviya yığmasının sabiq futbolçusu Lyubinko Druloviçdir.
47 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Serbiyalı mütəxəssis bu vəzifədə qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilmiş Boşko Curovskini əvəzləyib.
Druloviç futbolçu qismində karyerasının böyük hissəsini keçirdiyi "Portu" ilə 5 dəfə Portuqaliya çempionluğu və 4 dəfə ölkə kuboku əldə edib. O, 2013-cü ildə baş məşqçi kimi Serbiya yığmasına yeniyetmələr arasında Avropa çempionluğu qazandırıb. Makedoniya yığması isə AVRO-2016-nın seçmə mərhələsində 5 oyundan cəmi bir qələbə ilə C qrupunda 6 komanda arasında 5-ci yeri tutur. Bu komanda növbəti matçını iyunun 14-də səfərdə Slovakiyaya qarşı keçirəcək.
Qeyd edək ki, Makedoniya yığmasının heyətində "Qarabağ"ın futbolçusu Muarem Muarem də yer alır.








































































