“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə ilk oyununu idarə edəcək Məhəmməd Al-Hakim karyerasında üçüncü dəfə Azərbaycan komandasının matçında ədalət təmsilçisi olacaq.
Sportnet.az-ın məlumatına görə, İraq əsilli referi hər iki halda Azərbaycan təmsilçisinin səfər görüşündə fit çalıb.
Al-Hakim ilk olaraq 2019/2020 mövsümündə məhz "köhlən atlar"ın matçına təyinat alıb. Ağdam təmsilçisinin 2019-cu il noyabrın 28-də İspaniya “Sevilya”sı ilə səfərdə keçirdiyi qarşılaşmada iş başında olan 38 yaşlı referi meydan sahiblərinin 2:0 hesablı qələbəsinə şahidlik edib. Maraqlıdır ki, o, həmin görüşdə əlini bir dəfə olsun cibinə atmayıb.
Məhəmməd Al-Hakim UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə Belarus – Azərbaycan oyununda da ədaləti qoruyub. Ancaq bu dəfə 8 sarı, 1 qırmızı vərəqədən istifadə etməli olub. Yığmanın heyətində Cəlal Hüseynov, Azər Salahlı, Namik Ələskərov və Qara Qarayev sarı vərəqə alıbsa, Qismət Alıyev 84-cü dəqiqədə qırmızı vərəq ilə meydandan qovulub.
2015-ci ildən FIFA referisi adını daşıyan isveçli karyerası ərzində beynəlxalq arenada 62 oyun idarə edib. O, bu müddətdə 176 dəfə sarı, 5 dəfə qırmızı vərəqəyə əl atıb.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.