
"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFŞ-i ilə səfər oyununun başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət edib.
Sportnet.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko bildirib. O, Azərbaycan təmsilçisinin baş məşqçisi və məşqçi heyətinin rusiyalı olması səbəbindən belə bir addım atıldığını qeyd edib: “Hazırda məsələyə UEFA-da baxılır. Biz çalışırıq ki, oyun Latviyada olsun. Amma UEFA fərqli qərar verə bilər. “Sabah”ın baş məşqçisi və məşqçi heyətinin şengen vizası olmadığı üçün Azərbaycan klubu çətinliyi nəzərə alaraq UEFA-ya müraciət edib”.
Qeyd edək ki, "Sabah" buna baxmayaraq, bu gün Latviyaya yollanıb. Lakin klubun baş məşqçisi Murad Musayevin və məşqçi heyətinin paytaxt Riqaya buraxılıb-buraxılmayacağı naməlumdur.
Xatırladaq ki, RFŞ – “Sabah” matçı sabah keçiriləcək.