
Azərbaycan Kubokunun "Qarabağ" - "Zirə" finalına akkreditə olunsam da, oyunu öz yaxınlarımla birlikdə azarkeş qismində izləmək qərarına gəldim. Bir maşına yerləşəcək sayda - beş nəfər idik. Özüm üçün belə görüşlərin sayı-hesabı bilinməsə də, aramızda ilk dəfə stadiondan matç izləyən uşaqlar da var idi. Matçın keçirildiyi Mərdəkanadək yolun xeyli uzaqlığına baxmayaraq, çox həvəsli idilər.
Maraqlı və üç qollu oyuna baxdılar, avrokuboklarda uğurlarına sevindikləri "Qarabağ"ın futbolçularına yaxından tamaşa etdilər. Kubok təqdim olunduqdan sonra stadiondakı polis işçiləri israr etməsəydilər, tribunaları asanlıqla tərk etmək fikrində də deyildilər.
Oyuna hazırlıq işləri təşkilati baxımdan tam qaydasında idi. Aygün Kazımovanın mahnılarından qanad açan dron stadionun üzərində sağa-sola, yuxarı-aşağı süzürdü. Tribunalara yetərincə tamaşaçı toplaşmışdı. Onların arasında "Qarabağ" və "Zirə"nin fan-klub üzvlərindən başqa adi izləyicilər də var idi. Hiss olunurdu ki, onları "Liv Bona Dea" arenasına məcburiyyət yox, futbola olan sevgiləri gətirib.
Bu görüşü digərlərindən fərqləndirən cəhət qarşılaşmadan sonra təşkil olunacaq mükafatlandırma mərasimi idi. Sözsüz ki, bir çox azarkeşi həmin bölüm heç də az maraqlandırmırdı. Oyunboyu səngiməyən küləkli hava şəraiti mükafatlandırma mərasimi üçün podiumun qurulma prosesinə də təsirsiz ötüşmədi. Podium üçün hazırlanmış lövhələr meydançaya xüsusi maşınla iki reysə gətirildi və çoxsaylı işçilər tərəfindən quraşdırılmağa başladı. Külək rolapların qurulmasına da müəyyən qədər maneçilik törətdi.
Beləliklə, bu proses kifayət qədər vaxt apardı. Həmin vaxtadək isə tamaşaçıların bir qismi tribunaları tərk etdi. Onların daha bir hissəsi isə təltifetmənin uzunluğuna dözmədən getdi. Podiuma dəvət olunanların hər biri AFFA və PFL rəhbərliyi ilə şəkil çəkdirir, mükafatını alaraq gedirdilər. Təltif olunan hakimlərin sayı bir komanda "11-liy"i qədər idisə, klub rəsmiləri və futbolçuların əksəriyyəti səhnəyə övladları ilə çıxırdılar. Hətta "Zirə"nin legionerlərindən biri medalını almağa xanımı ilə yollandı.
Əslində daha çox vaxt "Qarabağ"ın təltifetməsinə getməli idi. Lakin əksinə, bu, ta kubok təqdimatınadək erkən sonuclandı. Elə ki, kapitan Maksim Medvedev özünün vida matçının kubokunu başı üzərinə qaldırdı, hamı uzun-uzadı tamaşa izləyəsi oldu.
"Qarabağ"ın "İmarət Tayfa" azarkeş qrupu əvvəlcə Ağdam klubunun keçmiş kapitanı, hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqovu səsləyərək alqışladı. Sonra da növbə hazırkı kapitana və komanda üzvlərinə çatdı. "İmarət"in tribunada açdığı böyük bir "Medvedev 5" yazılı forma önündə futbolçular xeyli dayanmalı oldular. Yəqin ki, orada kapitan uzun bir nitq söylədi. İstisna deyil ki, azarkeşlərlə dialoq da oldu.
"Qarabağ"ın digər azarkeş qrupu "Holigans" isə belə uzun-uzadı ləngiməni əsəbi qarşıladı. Təsadüfi deyil ki, futbolçular onlara tərəf yönələndə oturaq təpki ilə qarşılaşdılar. Burada onları heç kim ayağa duraraq, alqışlarla qarşılamadı. Qrupun rəhbəri komanda üzvlərinə narazılığını çatdırdıqda oyunçular buna anlayış göstərdilər. Bir müddətlik dialoqdan sonra münasibətlər qaydasına düşdü və qələbə sevinci birlikdə qeyd olundu.
Amma "Qarabağ" futbolçuları kubok şadyanalığını onları meydanın digər tərəfində gözləyən sıravi azarkeşlərlə bölüşə bilmədilər. Komandanın fan-klublara ayırdığı vaxt o qədər çox oldu ki, hətta tribunalardakı polislərin də səbri çatmadı. Nəticədə onlar "Bəsdir gözlədiniz, çıxın-gedin, onsuz da bura gələsi deyillər" deyərək, sıravi azarkeşləri tribunadan çıxardılar.
Beləliklə, iki saatlıq oyun referi Rəvan Həmzəzadənin final fiti ilə dayandırıldısa, mükafatlandırma mərasi və sonrakı bölümün son söz sahibi polis oldu. Yeri gəlmişkən, Həmzəzadə matçı yüksək səviyyədə idarə etdi, xırda follarla görüşü dayandırmadı. "Qarabağ"ın ilk qolunda Rəşad Sadıqovun hay-küyünə baxmayaraq, baş hakim qayda pozuntusunun olmadığını bildirdi və tam haqlı olaraq, onu hesaba aldı. Belə idarəçilikdən azarkeşlər də zövq aldılar.
Mükafatlandırma mərasimi və kubok şadyanalığı isə çox yorucu oldu. Ən azı yolun uzaqlığı və vaxtın gecliyi nəzərə alınmalı idi.
Məncə, ötən həftə ərzində keçirilmiş üç avrokubok finalının təltifetmələrindən nələrsə götürmək olardı. Sadə, maşınla daşınmayan podium, təltifetməyə gələnlərin medallarını alan kimi getmələri, öpüb-qucaqlaşaraq hal-əhval tutma ritualının yoxluğu və stadionda azarkeşlər arasında fərq qoymadan kubokla dövrə vurmalar nəinki tribunalardakı, hətta televiziya ekranları qarşısındakıların zövqünü oxşadı.
Futboldakı yeni rəhbərliklə yeniliklər etmə zamanı çoxdan yetişib.
Elşən MƏMMƏDOV