Avrokuboklarda iştirak edən hər bir komanda güclüdür. Təmsilçilərimiz də bu gün uğurlu nəticə qazanacaqlar.
Sportnet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Cavid İmamverdiyev Konfrans Liqasında mübarizə aparan “Sumqayıt”, “Zirə” və “Sabah” komandalarının şanslarını dəyərləndirərkən deyib.
O, Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq “Sumqayıt”ın şanslarının çox olduğunu bildirib: “Samir Abasovun bu matçlar üçüm hər zaman xüsusi planı olur. Bu gün də bunu rəqibə qarşı reallaşdıracağını gözləyirəm. Əgər “Sumqayıt” hücum futbolu oynasa, “Fehervar”ı rahatlıqla keçəcək”.
Müsahibimzin fikrincə, “Zirə” Slovakiyanın “Dunayska Ştreda” komandası ilə oynayanda böyük çətinlik çəkməyəcək: “Zirə”nin Avropa Liqasında “Şerif”lə qarşılaşması komanda üçün böyük təcrübə oldu. Əslində bu mərhələni keçməli olan tərəf təmsilçimiz idi. Təəssüf ki, kiçik detallar matçın taleyinə təsir etdi. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Düşünürəm ki, “qartallar” Slovakiya klubunu keçəcək və avrokuboklarda yoluna davam edəcəklər”.
C. İmamverdiyev “Sabah”ın “Makkabi”ni (Hayfa) məğlub edərək Azərbaycan klublarının, necə deyərlər, İsrail təmsilçiləri ilə bağlı tilsimi qıracağına inandığını söyləyib: “İsrail klubları beynəlxalq arenada böyük təcrübəyə malikdirlər. Demək olar ki, hər mövsüm onların bir komandası bizimlə düşür. Hayfa təmsilçisi daha əvvəl “Xəzər Lənkəran” və “Neftçi” ilə qarşılaşıb. Həmin oyunlarda rəqib üstün gəlib. Lakin bu dəfə fərqli ssenari olacağına ümid edirəm. Hər üç kollektivimiz Konfrans Liqasında növbəti mərhələyə adlamaq gücündədir.
Qeyd edək ki, “Sumqayıt” – “Fehervar”la saat 20:00-da, “Zirə” - “Dunayska Ştreda” ilə saat 20:30-da doğma meydanda, “Sabah” isə səfərdə “Makkabi” ilə Bakı vaxtı ilə saat 21:15-də qarşılaşacaq.