Azərbaycan Milli Gimnastika Arenası 2019-cu ildə 8 beynəlxalq yarışa ev sahibliyi edib.
Sportnet.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışlar fəslinə ilk olaraq ənənəvi Dünya Kubokları ilə start verilib. Fevral ayında batut gimnastikası, martda idman gimnastikası və aprel ayında təşkil edilmiş bədii gimnastika üzrə Dünya Kuboklarında iştirak etmək üçün ümumilikdə mindən çox insan ölkəyə səfər edib.
Bundan əlavə aprel ayında həm də bədii gimnastika üzrə gənclər arasında 2-ci “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçirilib. Bu yarışın son günündə Azərbaycanın qrup hərəkətləri komandası qızıl medal qazanıb və dövlət himnini tamaşaçılarla birlikdə səsləndirib. Onların həmin andan görüntülənmiş videosu AGF-nin sosial şəbəkələrdəki hesablarında ən çox baxılan və paylaşılan video olub.
May ayında isə Azərbaycanda ilk dəfə olaraq gimnastikanın 2 növü üzrə birgə Avropa çempionatı təşkil edilib. Bədii gimnastika üzrə qitə birinciliyi ölkədə 4-cü dəfə təşkil olunsa da, aerobika gimnastikası üzrə Avropa şempionatına Azərbaycan ilk dəfə ev sahibliyi edib. Hər iki növ üzrə yarışlara 500-dən çox gimnast qatılıb.
Milli Gimnastika Arenasında keçirilmiş növbəti yarış Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində kişi və qadın idman gimnastikası üzrə yarışlar olub. Gənc gimnastların Olimpiya Festivalında 38 ölkədən 170 idmançı öz qüvvəsini sınayıb.
Nəhayət bu il Bakıda təşkil edilmiş ən geniş miqyaslı gimnastika tədbiri – Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə Dünya Çempionatı sentyabr ayında baş tutub. Azərbaycanda 2-ci dəfə keçirilmiş bu çempionatda bədii gimnastika üzrə qrup hərəkətləri komanda çoxdan gözlənilən nəticəni – Olimpiya Oyunlarına lisenziyanı qazanıb. Tokio-2020 Olimpiadasına daha bir vəsiqəni isə Zöhrə Ağamirova əldə edib.
Bədii gimnastlarımızın bu uğurundan dərhal sonra Olimpiya Oyunlarına daha iki lisenziyanı idman gimnastlarımız qazanıb. Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə dünya çempionatında qadın idman gimnastikası Marina Nekrasova və kişi idman gimnastı İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.
Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır.
İdmançılarımızın uğurlarından danışarkən gənc və yeniyetmə gimnastlarımızı xüsusilə qeyd etmək lazımdır. Bu il onlar üçün həm Azərbaycanda, həm də ölkə xaricindəki yarışlarda qazandıqları uğurları ilə əlamətdar olub.
Yeni ildən etibarən böyük gimnastların yarışlarına qatılacaq Arzu Cəlilova, 2019-cu ildə gənclər arasında ilk dəfə olaraq Rusiyada təşkil edilmiş ilk dünya çempionatında 2 medal - topla hərəkətlərdə gümüş, iplə isə bürünc medal əldə edib. İdman gimnastı Səməd Məmmədli Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlarda dəstəli atda gümüş medala layiq görülüb. Akrobatlar isə İsrailin Holon şəhərində keçirilmiş Avropa çempionatından tam bir medal dəsti ilə qayıdıb. Murad Rəfiyev və Daniel Abbasov cütlüyü balans hərəkətlərində bürünc, çoxnövçülükdə gümüş və temp hərəkətlərinə görə qızıl medala layiq görülüb. Yeniyetmə gimnastların medal xəbərləri isə Yaponiyada keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından gəlin. Turnir çərçivəsində batut yarışlarında Maqsud Mahsudov fərdi proqramda qızıl, sinxron proqramda Hüseyn Abdullayevlə birgə gümüş medal əldə ediblər. Tamblinq yarışlarında isə Aleksey Karataşov bütün rəqiblərini üstələyərək öz yaş qrupunda qalib olub.
Gənc gimnastlarımızın qazandıqları bu uğurlar Azərbaycanda gimnastika idman növlərinin düzgün və planlı şəkildə inkişaf etdiyini və gələcəkdə Avropa, dünya çempionatlarında, hətta olimpiadada ölkəni layiqincə təmsil edəcək gənc nəslin yetişdiyini göstərir. Bu il öz çıxışları ilə yadda qalan bu idmançılar növbəti illərdə də dünya və Avropa çempionatlarında çıxış edəcəklər.
2019-cu ildə böyüklər kateqoriyasında yarışan gimnastlar da ölkədə və xaricdəki yarışlarda çoxsaylı medallar qazanıblar. Dünya Kubokları və bir sıra beynəlxalq turnirlərdə əldə edilmiş medallarla yanaşı, İtaliyada keçirilmiş Ümumdünya Yay Universiadasında Zöhrə Ağamirovanın 2 gümüş medalını, Marina Nekrasovanın qızıl medalını, akrobatlar – Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyünün Belarusda təşkil edilmiş 2-ci Avropa Oyunlarından qazandıqları 2 gümüş, 1 bürünc və İsraildə keçirilmiş Avropa Çempionatında qazanılan 2 bürünc medallarını qeyd etməyə dəyər.
Aerobika gimnastikası üzrə təmsilçilərimiz isə “aero dans” proqramında mükəmməl çıxış nümayiş etdirərək, Bakıda ilk dəfə təşkil edilmiş qitə birinciliyində Avropa çempionluğunu əldə etdi.
Ümumilikdə isə gimnastlarımız 2019-cu il ərzində 32-si qızıl, 33-ü gümüş və 39-u bürünc olmaqla 104 medal qazanıblar.
Gimnastlarımızın uğurları ilə yanaşı məşqçi və hakimlərimizin də fəaliyyətini qeyd etmək lazımdır. Onlar tez-tez Beynəlxalq Gimnastika Federasiyası (FIG) və bu sahədə çalışan bir sıra təşkilatlar tərəfindən müxtəlif tədbirlərə dəvət alırlar və onların fəaliyyəti daim qiymətləndirilir. Bu il bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva FIG tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub. Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev isə “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə FIG tərəfindən “qızıl diplom”a layiq görülüb.
Hakimlərimiz bu il Minskdə keçirilmiş Avropa Oyunları, gimnastika növləri üzrə Avropa və dünya çempionatları yarışlarında hakimlik etmək üçün Avropa Gimnastika İttifaqı və FIG tərəfindən dəvət olunublar.
2019-cu il ərzində AGF fəaliyyət sahəsini daha da genişləndirib. Cari ildən etibarən federasiya FIG tərəfindən tanınan gimnastika növləri sırasına yeni daxil olmuş parkuru inkişaf etdirmək istiqamətində müəyyən addımlar atıb. Bu növ üzrə idmançılar ilk dəfə olaraq parkur üzrə Dünya Kubokunda iştirak ediblər. Eləcə də onlar parkur üzrə beynəlxalq hakimlik kurslarına qatılaraq, imtahanlardan müvəffəqiyyətlə keçib və beynəlxalq hakimlik dərəcəsini əldə edib.
Bütün bunlarla yanaşı AGF tərəfindən bu il müxtəlif gimnastika növləri üzrə məşqçilik və hakimlik kursları təşkil edilib. Kişi idman gimnastikası üzrə 2-ci, batut gimnastikası üzrə 1-ci, aerobika gimnastikası üzrə 2-ci dərəcəyə aid FIG Akademiyasının məşqçilik kursları, eləcə də bədii gimnastika və “TeamGym” növü üzrə yerli mütəxəssislər üçün məşqçilik və hakimlik kursları təşkil edilib.
Təsadüfi deyil ki, 2018-ci ilin yekunlarına əsasən də Azərbaycan Gimnastika Federasiyasının aktiv fəaliyyəti FIG tərəfindən yüksək qiymətləndirilib və o “Mükafatlandırılan Federasiyalar”ın siyahısında 2017-ci ildə olduğu kimi yenidən 1-ci olub.
Azərbaycanda təşkil edilmiş gimnastika tədbirləri ölkə iqtisadiyyatı üçün də faydalı olub. Bu tədbirlərdə iştirak üçün ölkəyə gələn qonaqlar paytaxtın müxtəlif mehmanxanalarında 11,500 gecədən artıq otaqlar sifariş ediblər. Bu otaqların əksəriyyətinin 2 nəfərlik otaqlar olmasını nəzərə alaraq, həmin şəxslərin alış-verişə, həmçinin qidalanmaya, müxtəlif suvenirlər və hədiyyələrin alınmasına, muzey və şəhərin görməli yerlərinə baş çəkmələrinə xərclədiyi maliyyə vəsaitinin müəyyən qədər ölkə iqtisadiyyatına da öz töhfəsini verdiyini güman etmək olar.
Bakı ilə yanaşı, bölgələrdə də gimnastika növlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu il ərzində daha 4 bölgədə - Lənkəran və Qaxda bədii, Masallı və Şirvanda isə kişi idman gimnastikası üzrə bölmələr fəaliyyətə başlayıb. Eləcə də yerli yarışlar təkcə paytaxtda deyil, digər şəhərlərdə də təşkil edilir. Belə ki, bu il kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə noyabr ayında keçirilmiş birgə yarışlar Sumqayıtda təşkil olunub.
Bütün bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhalinin sağlam həyat tərzi sürməsinə kütləvi surətdə cəlb edilməsi, gimnastika idman növünün daha çox insana aşılanması və bu sahədə kiçik uşaqlarla yanaşı valideynlərin, eləcə də bütün yaş qruplarına aid insanların fəallığının artırılmasıdır.
Gimnastika növləri üzrə yığma komandaların üzvləri, onların valideynləri, həmçinin məşqçilərin iştirakı ilə ilk dəfə təşkil edilmiş 1-ci AGF Estafet Yarışları bu tədbirlər sırasına aid etmək olar. Kollektiv ruhu inkişaf etdirmək və iştirakçıların fiziki hazırlığını yüksəltmək üçün keçirilmiş bu tədbirdə həm uşaqlar, həm valideynlər, həm də məşqçilər maraqlı oyunlarda iştirak edərək əyləncəli anlar yaşayıblar.
Federasiya ilin son günlərində ən yaxşı idmançıların onluğuna daxil olmuş gimnastların adlarını da elan edib. Bunlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü (akrobatika), Zöhrə Ağamirova (bədii gimnastika), Arzu Cəlilova (bədii gimnastika), Daniel Abbasov və Murad Rəfiyev cütlüyü (akrobatika), Marina Nekrasova (qadın idman gimnastikası), “aero dans” qrupu (aerobika), qrup hərəkətləri komandası (bədii gimnastika), Səməd Məmmədli (kişi idman gimnastikası), Maqsud Mahsudov (batut gimnastikası) və Nikita Simonovdur (kişi idman gimnastikası).
Nəhayət, 2019-cu ilə ənənəvi Yeni İl şousu ilə yekun vurulacaq. Artıq uzun illərdir ki, təşkil edilən bu şounun aktyorları gimnastika növləri üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqraflarıdır. Hər il böyük maraqla qarşılanan bu şouda rəngarəng işıq, səs və qrafik effektlərdən, eləcə də xüsusi geyimlərdən istifadə olunacaq. Hər kəsin artıq səbirsizliklə gözlədiyi bu şou “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanır.
Federasiyanın geniş spektrli fəaliyyəti təkcə bunlarla yekunlaşmır. Bu idman növünün ölkəmizdə daha da populyarlaşması və təbliğatı məqsədilə gimnastika növləri üzrə yığma komandaların iştirakı ilə sosial video-çarxlar çəkilir, sosial layihələr həyata keçirilir, eləcə də məhdud imkanlı insanlarla əməkdaşlıq edilir. Növbəti ildə də AGF-nin bu istiqamətdə fəaliyyəti davam etdiriləcəkdir.