1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər dəfə elə bilirik ki, atamız axşam evə gələcək" - MÜSAHİBƏ - FOTOLAR
Ötən il martın 31-də ölkə idman ictimaiyyətinə ağır itki üz verdi. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov 60 yaşının tamamına 80 gün qalmış dünyasını dəyişdi.
Eksklüziv xəbər mənbəyi
Onu idman mətbuatında çalışmağa başladığım, daha dəqiqi, Gənclər və İdman Nazirliyinin yaradılmasının 5 illiyi münasibətilə müsahibə aldığım 1999-cu ildən tanıyırdım. Amma yaxından tanışlığımız 2007-ci ildən başladı. İşgüzar münasibətlərimiz qısa münasibətdə işgüzar dostluq səviyyəsinə yüksəldi. O dərəcədə səmimi insan idi ki, bəzən ərkyana ifadələrlə "xəbər qoparmaq" istəyimizə anlayışla yanaşar, bir xəbərin yerinə hətta üçünü deyərdi. Eksklüziv xəbər mənbəyimiz olmaqla yanaşı, ayrı-ayrı idman növlərindən tənqidlərimiz də sanki ürəyindən tikan çıxarardı. "Mən federasiyalardakı nöqsanları hər yerdə açıq deyə bilmirəm, siz yazın ki, oxusunlar, tədbir görsünlər" deyərdi. Hərdən elə ötürmələr verirdi ki, hədəfi nişan almaq ani məsələyə çevrilirdi.
Sonradan öyrənmişdim ki, Mirkamil Rəhimov hələ 14 yaşından idmandadır. 1970-ci ildən başlayaraq, sərbəst güləş növü ilə məşğul olub, idman ustalığına namizəd normasını yerinə yetirib, Respublika çempionatları, müxtəlif turnirlərin qalib və mükafatçısı olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunun pedaqoji fakultəsinə daxil olub və hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra 1977 - 1992-ci illərdə Həmkarlar İttifaqları İdman Cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçıdan rəis müavininə qədər müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra idman şöbəsinin müdiri kimi çalışmağa başlayıb.
Fəaliyyəti dövlət tərəfindən də lazımınca qiymətləndirilib. "Bədən tərbiyəsi və idman əlaçısı”, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb, 25 oktyabr 2007-ci il tarixli Sərəncamla "Tərəqqi” medalı ilə təltif edilib.
2 mart 2015-ci il tarixli Sərəncamla isə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Adətən, valideynlər "Övladlarınızın yolunuzu davam etdirməyinizi arzularsınızmı?" sualına "Xeyr. İstəməzdim ki, mən çəkdiyim əziyyəti onlar da çəksinlər" cavabını verirlər. Amma Mirkamil Rəhimov nəinki övladlarını, hətta nəvəsini də idmana yönləndirib. Oğlu Piralı Rəhimov "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru vəzifəsində çalışır. Qızı Elnarə xanım atletika ilə məşğul olub, hazırda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədris hissə koordinatorudur. İlk nəvəsi Ayan Mirzoyeva isə peşəkarlar arasında idman rəqsləri üzrə ölkə çempionudur.
"Atamın məsləhətlərinə ehtiyacım var"
Anım günü ailəsində elə övladları ilə söhbətləşdik. Onlar Mirkamil Rəhimovla bağlı xatirələrini bölüşdülər. Pirəlı Rəhimov suallarımızı cavablandırarkən, bacısı Elnarə Mirzoyeva da atası ilə bağlı məqamları canlandırdı...
- Mirkamil müəllimin vəfatından bir il ötür. Bu bir il sizin üçün necə keçdi?
- Çox çətin, həm də ağır keçdi. Hər dəfə elə bilirik ki, axşam evə gələcək, hansısa məsləhətləri alacağıq. Amma çox təəssüf ki, bu gün aramızda yoxdur. Yoxluğu ilə barışmaq bizim üçün hələ də çətindir.
- Vəfatı xəbəri nə qədər gözlənilməz oldu?
- Atam dördüncü dərəcəli ağ ciyər xərçəngi idi. Pis cəhət o idi ki, özü və biz bundan gec xəbər tutduq. Artıq orqanizmi çoxsayli metostazlar vermişdi. Türkiyədəki əməliyyatdan sonra ayaqları tutuldu. Xəstəliyinin necə ağır olduğunu bilərək, son nəfəsinə qədər başının üstündən ayrılmadıq. Vəfatı da elə gözlərimiz önündə baş verdi. Həkimlər vaxt qoymuşdular, amma ailəsi və özünün mübarizəsi nəticəsində əməliyyatdan sonra 8 ay yaşadı. Daim bir ümid var idi ki, atam sağalacaq. Hətta özü də buna inanırdı və imkan düşdükcə işə gedirdi.
- Amma sanki hamımız üçün gözlənilməz oldu. O mənada ki, xəstəliyinin bu dərəcədə təhlükəli olduğunu bilmirdik. Hətta 2015-ci ilin idman yekunlarına həsr olunmuş tədbirə də qatılmışdı...
- Açığı, özü xəstəliyinin ağır olduğunu bilmirdi. Həkimlərdən də xahiş etmişdik ki, deməsinlər. Özü də inanırdı ki, sağalacaq, ayağa duracaq. Hamıya yaxşı olduğunu deyirdi. Bəlkə də bir az artıq yaşamasına o səbəb oldu. Bilsəydi ki, xəstəliyi ağırdır, ruhdan düşərdi. Bəli, ilin yekunlarına həsr olunmuş tədbirə qatıldı, amma getməmişdən əvvəl heç halı yox idi. Çox fikirləşdi, sonda bizim də təkidimizlə tədbirə getdi. Oradan o qədər sevinclə qayıtmışdı ki, bu, bizə də çox xoş idi.
- Atasızlıq sizə nəyi öyrətdi və ümumiyyətlə, mənəvi-psixoloji cəhətdən necə təsir etdi?
- Atasızlıq mənə bütün məsələlərin həllinə dair təkbaşına qərar verməyi öyrətdi. Atam mənim üçün dayaq idi. Ən çətin anlarda onunla məsləhətləşərdim. Özüm də idman sahəsində çalışdığımdan, bir idman mütəxəssisi kimi atama müraciət edər, o da öz köməyini heç vaxt əsirgəməzdi. Hazırda atamın məsləhətlərinə ehtiyacım var.
- Bəs ehtiyac duyduqda atanızın vaxtilə dəstək olduğu şəxslərdən məsləhət alırsınız?
- Açığı, xeyr, almıram. Çünki heç kim atam kimi can yandırıb düzgün məsləhət verə bilməz. Ona görə də heç kimə müraciət etmirəm.
- Bəs olubmu ki, atanızın vaxtilə dəstək olduğu insanlar bu gün onun əvəzini qaytarmağa çalışsınlar?
- Hər bir insanın mənəvi dəstəyə ehtiyacı var. O cümlədən bizim də. Amma çox təəssüf edirəm ki, bu bir il ərzində onun etdiklərinin əvəzini heç kəs qaytarmağa cəhd də göstərməyib.
- Sizcə, bu, nəyə görə belədir: Bəlkə onlar yaxşılığı başqa cür başa düşüblər və ya heç ümumiyyətlə, anlamayıblar?
- Bu suala cavab vermək mənim üçün bir az çətindir. Mən atam haqqında yalnız yaxşı fikirlər və nə qədər insana əl tutduğunu eşitmişəm.
- Ailədə necə idi Mirkamil müəllim?
- Bir ailə başçısı kimi çox sakit, təmkinli, övladlarını və nəvələrini çox sevən insan idi. Və onların ən xoş anları ilə qürur duyardı. Bu gün ondan biz övladları ilə yanaşı, 5 nəvəsi yadigar qalıb. 3-cü nəvəsi onun adını daşıyır. Nəvələrindən 4-ü böyük olduqlarından, onun həyatda olmadığını bilir və hər dəfə xatirəsini bizimlə yad edir, bölüşürlər.
"Belə bir hekayəni o, ilk dəfə idi ki, danışırdı"
Bu məqamda qızı söhbətə qoşulur:
- Mirkamil müəllim, təbii ki, işinin vurğunu idi və vaxtının çoxunu işinə həsr edərdi. İşə səhər tezdən gedib gec gələrdi. Biz hər zaman ona qibtə edib deyərdik ki, yorulmursan? O da bizə "Mən işimlə yaşayıram" cavabını verərdi. Amma boş vaxtlarında havalar isinən kimi bağa can atardı. Gəlib çatan kimi birinci bağı gəzər, ağaclara qulluq edərdi. Gül-çiçəyi sevər, çoxlu qızılgül əkdirərdi. Hətta hamı bilirdi ki, o, bitkiləri sevir. Buna görə də ad gününə gül hədiyyə edərdilər. Bir dəfə evdə dibçəkdə gül var idi, atamın xoşuna gəldi. Budağından qırıb-qopardı və işdə əkdirdi. Sonra o balaca budaq böyüyüb çox gözəl güllər bar verməyə başladı. Hər gül açanda bar verən gülə sevinərdi. Bağda nəvələrinə üzməyi, basketbol oynamağı, hətta ilk gülləni atmağı o öyrətmişdi.
Onu qeyd etmek lazımdır ki, atam nəinki idmanın nəzəriyyəsini, hətta praktikasını da çox gözəl bilirdi. O qədər gözəl öyrətmək qabiliyyətinə malik idi ki, nəvələrinin hamısına həm üzməyi, həm atıcılığı, həm də şahmatı öyrətmişdi. Deyərdi ki, bu vəzifədə işləməsəydim, məndən gözəl müəllim olardı. Həyatsevər insan, düzgünlüyə dəyər verən biri idi. Bizə həmişə bir gözəl söz deyərdi: "Heç vaxt pulun dalınca qaçmayın, işinizin peşəkarı olmağa çalışın, pul Allahın ruzusudur".
Bayramları həmişə ailəsinin əhatəsində keçirməyi sevərdi. Həmişə çalışırdı ki, bütün ailə üzvləri bir yerdə, bir süfrə ətrafında olsun. Qonaqpərvər, dostsevər idi. Evinə qonaq gələndə sevinərdi. Qonaqlıqlarda ailəsinin dəyərindən danışar, həyat yoldaşı və övladları ilə fəxr etdiyini, "Mən təzə nəsil yetişdirirəm. Mənim nəvələrim savadlı olmalıdırlar" deyərdi. Dillərə önəm verərdi. Böyük nəvəsi Ayan özü ilə qalırdı. Onun çəkdiyi rəsmlərə həvəslə baxar və hətta rəsm ləvazimatlarını xarici səfərlərdən gətirərdi. Digər nəvələri - Əli, Mirkamil ve Mirkamalın dərsləri ilə çox maraqlanırdı. Onlarla gün keçirməkdən yorulmurdu.
Nəvələri onu "baba" yox "deda" deyə çağırardılar. Bunu onun özü də istəmişdi: "Mənə "deda" deyin". Nəvələri ilə fəxr edərdi. Deyərdi ki, mənim bu boyda nəvələrimin olduğuna heç kim inanmır. Hətta zarafatca "Mənim taylarım hələ baba olmayıblar axı" sözlərini də əlavə edərdi.
Atamızın son yayı idi. Amma hələ xəstəliyi haqqında bilmirdik. Sanki özü hiss etmişdi. Bütün ailə bağda çay süfrəsinə yığışmışdı. Atam öz çətin əsgərlik illərindən uzun-uzun danışdı. Belə bir hekayəni o, ilk dəfə idi ki, danışırdı. O məqamın bizim üçün nə qədər dəyərli olduğunu onda başa düşmürdük.
"Atam həqiqətən də idmanın canlı ensiklopediyası olub"
- Atanızın ölkə idmanı ilə bağlı həyata keçməyən hər hansı arzusu qaldı?
- İş barəsində evdə elə də söhbət açmazdı. İdmanı və işini sevərdi. Bütün ölkədaxili və xaricdə keçirilmiş yarışlarda qələbələrimizə çox sevinərdi. İnanmıram ki, həyata keçməyən hər hansı arzusu qalsın. Fürsətdən istifadə edərək, atamın xatirəsini əziz tutan hər kəsə minnətdarlığımı bildirirəm.
Elnarə xanım əlavələr edir:
- Atam gözəl ailə başçısı, dost, işçi olub. Hərdən soruşardıq ki, öz əvəzinə kimi görürsən? Deyərdi ki, əvəzsiz insan yoxdur, hər bir şəxsi əvəzləyən tapılır. Amma mənim yerimə, vəzifəmə hazırda potensial namizəd yoxdur. Bir çox insanın sözlərinə əsasən deyə bilərik ki, Mirkamil müəllim həqiqətən də idmanın canlı ensiklopediyası olub. Deyilənlərə görə, istənilən vaxt zəng edib istənilən mövzuda suala cavab ala bilərdin. Bir gözəl xüsusiyyətini də müşahidə etmişdik: Ona problemlə bağlı müraciət olanda elə anındaca həll etməyə çalışardı. Heç vaxt onu sonraya saxlamazdı. Bu da onun peşəkarlığından irəli gəlirdi. Heç vaxt heç kimə əziyyet vermək istemirdi. İşi özü yerinə yetirərdi, amma başqasına qıymazdı. Çox güclü xasiyyətə malik idi. Bəzən sərt, bəzən çox yumşaq, qəlbi-ürəyi rəhmli bir insan idi. Bir imkansızın yanından keçməzdi. Həmişə bizə danışardı ki, həyatda çox çətin, keşməkeşli yollar keçmişəm, amma heç vaxt əyilməmişəm, sınmamışam, bir adamın qapısına getməmişəm, pillə-pillə qalxmışam, nə dayım, nə də arxam olub, öz biliyimlə qazanmışam. Fəxri adları ilə fəxr edirdi.
Xoşbəxtlikdən, idmançı kimi bir çox yarışa atamın rəhbərliyi altında getmişəm. Yarışların birində - Belarusda olanda atamı qonaq dəvət etmişdilər. O da məni özü ilə apardı. Orada idman mütəxəssisləri əyləşmişdilər. Həmin vaxt atamın necə mütəxəssis olduğunu dərk etmirdim. Onlar idmanla bağlı bir çox mövzuda mübahisə etdilər. Hamısında atam onları biliyi ilə təəccübləndirdi. Onlardan biri dönüb mənə dedi: "Sən fəxr et! Fəxr et ki, sənin çox ağıllı atan var!" Atam mənə baxıb güldü, boynumdan qucaqlayıb dedi: "Görürsən? Bunlar hər adama bunu deməzlər". Biz də Onunla fəxr edirik!
Elşən MƏMMƏDOV