
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının "pley-off" mərhələsinə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, Tino Peresin rəhbərlik etdiyi yığma bu nailiyyətə Xorvatiyanın Osiyek şəhərindəki əsas seçmə mərhələdə imza atıb.
2-ci qrupun son oyununda meydan sahibləri məğlubiyyətdən qurtulmağı bacarıb - 4:4. Heç-heçəyə rəğmən, Azərbaycan millisi 7 xalla pley-off"a yüksəlib. İsveçi 8:2, Belarusu 7:2 hesabı ilə yenən yığma "pley-off"da digər 6 qrupda 2-ci pilləni tutmuş Macarıstan, Serbiya, Hollandiya, Sloveniya, Polşa və ya Slovakiya ilə üz-üzə gələcək. Konkret rəqibin adı püşk nəticəsində müəyyənləşəcək. Avropadan 7 qalib ölkə gələn il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Dünya çempionatı-2016
Əsas seçmə mərhələ, 2-ci qrup
Azərbaycan - Xorvatiya - 4:4
Qollar: Sergey Çuykov, 5. Amadeu, 28. Vitali Borisov, 29; 37 - Franko Yeloviç, 24. Yosip Suton, 29. Yakob Qrgiç, 36. Kristian Qrbeşa, 38
Xal durumu: Azərbaycan - 7, Belarus - 4, Xorvatiya - 4, İsveç - 1.
Qeyd edək ki, "pley-off" oyunları gələn ilin mart-aprelində keçiriləcək.