
Azərbaycan milli komandasını Norveç yığması
ilə AVRO-2016-nın seçmə qrup matçına baş məşqçi qismində çıxarmış Mahmud
Qurbanovun müsahibəsi
- Norveçlə oyunda meydana buraxdığınız start heyəti müəyyən
söz-söhbətə səbəb oldu. Bəziləri hətta heyəti Mahmud Qurbanovun yox, AFFA
rəhbərliyi müəyyənləşdidiyini də söylədi.
- Əvvəlcə onu qeyd edim ki, millinin Norveçlə
qarşılaşmasından sonra mətbuata geniş açıqlama verməmişəm. Gözləyirdim ki,
görüm KİV-də kimlər nə fikirlər səsləndirəcək. İndi məqam yetişib deyə bəzi
məsələlərə toxunmaq istəyirəm. Norveçlə oyuna 25 futbolçunu düşərgəyə dəvət
etmişdim. Məni tanıyanlar yaxşı bilir ki, heç vaxt sifarişlə iş görməmişəm.
Hamının məsləhətini dinləyib, sonda öz bildiyimi etmişəm. Son qarşılaşmanın da
start start heyətini özüm müəyyənləşdirmişdim. İndi bəziləri bir ağızdan
"çərçivə"ni niyə Kamrana yox, Səlahətə etibar etdiyimi müzakirə edir.
deyəsən bu insanlar millinin İtaliya və Xorvatiya ilə matçlarını yaddan
çıxarıblar. Kamranı qapıda görmək istəyənlər yaxşı olardı ki, "Qəbələ”nin
Premyer Liqa matçlarını izləsinlər. Hansı məşqçi formada olan futbolçunu
heyətdən kənarda saxlayar?
- Millidə olan futbolçular da "çərçivə"nin Kamrana
etibar olunmasın istəyirdi?
- Xeyr, bu sözlər komanda üzvlərinə aid deyil. Bu məsələni ən
çox müzakirə edən futbol ictimaiyyəti idi. Mənə elə gəlir oyun da göstərdi ki,
Səlahəti meydana buraxmaqla düzgün addım atmışam. Düzdü, ilk dəqiqələrdə onda
müəyyən həyacan hiss olunsa da, vaxt ötdükcə özünə gəldi və bir neçə epizodda
komandanı qoldan xilas etdi.
- "Qarabağ” oyunçuları Bədavi Hüseynovla Qara Qarayevi matça
ehtiyat oyunçular skamyasında başlaması da gözlənilməz oldu. Halbuki bu
futbolçular öz klubunda daim oynayırlar. Bu addımınızı necə izah edərdiniz?
- Elvini boyuna görə ilk dəqiqələrdən meydana buraxmağı lazım
bildim. O, "ikinci mərtəbə"də inamlı oynadığına görə bu addımı atdım.
Ancaq nədənsə bu addımım da geniş söz-söhbət yaratdı. Hamı Hüseynovu meydana
buraxmalı olduğumu qabartdı. Məncə, Bədavini çox şişirtdilər. Başa düşmürəm
niyə bir çoxları "Bədavi, Bədavi” deyib haray-həşir salıblar? Demirəm ki, o,
pis oyunçudu. Xeyr, yaxşıdı. Avrokuboklarda, çempionat qarşılaşmalarında
komandasına yardımçı olur. Ancaq Norveçlə oyunda fikirləşdiyim taktikaya Elvin
daha uyğun gəlirdi. O da sağ olsun, verilən tapşırığı lazımınca yerinə yetirdi.
Hava mübarizələrin heç birində uduzmadı. Buraxılan qolda da səhvi yox idi. Niyə
demirlər ki, Mahmud yerli futbolçuya yığmada ilk rəsmi oyununa çıxmağa imkan
yaratdı. Oyundan sonra bəzi məşqçilərin Bədavinin "Anji” məktəbi keçməsini
xüsusi qabartması mənə çatmadı. Başa düşə bilmirəm məktəblərin buna aidiyyatı
var? İndi Elvinə güvənməyək ki, bu yazıq Bədavi kimi futbola Dağıstanda yox,
Qazaxda başlayıb. Bu nə yanaşmadı anlamıram.
- Bayaq qeyd etdiz ki, Kamran ideal formasından uzaq düşdüyü
üçün "çərçivə"ni Səlahətə etibar etdiz. Bəs onda Ruslan Abışov niyə ilk
dəqiqələrdən meydan da idi? Bilə-bilə ki, Abışov son ayyarımda zədə səbəbindən
oyun təcrübəsindən məhrum olub. Onun mövqeyində oynayan Qara Qarayev isə daim
klubunda meydana çıxır.
- Ruslan uzun müddət yığmada oynadığından təcrübəsinə bel
bağladım. Onu da qeyd edim ki, yığmanın təlim-məşq toplanışında, U-21-lə
qarşılaşmada Abışov çox yaxşı təsir bağışlamışdı. Norveçlə oyunda biz əsasən
cinahlardan istifadə etməliydik. Ruslan da çarpaz ötürmə verməyi bacarır.
U-21-lə test qarşılaşmasında o demək olar ki, işinin öhdəsindən gəldi.
Təəsüfki, əsas məqamda Ruslanda alınmadı. İlk hissədə xüsusilə çox ötürmə səhvi
ilə yadda qaldı. 65 dəqiqə gözlədim ki, bəlkə özünə gələr, bir düz ötürmədən
sonra oyunu alınar. Ancaq bacarmadı.
- Abışov əvəzlənməsindən narazı qalmışdı. Sonradan məlum oldu
ki, siz onu məhz oyununu "tapdığı” anda meydandan çıxartmısız. Buna münasibətiniz
bilmək istərdik.
- Yox mən belə düşünmürəm. Mən ona yetərincə oynamaq şansı
yaratdım. Son anadək
ümid edirdim ki, Ruslan oyununu tapacaq. Vaxt isə azalırdı. Belədə onu
əvəzləmək qərana gəldim. Bizim məqsədimiz xal almaq idi. Qaraya gəlincə, hər dəfə
yığmanın toplanışlarında özünə də deyirəm, dayaq yarımmüdafiəçi ancaq geri
oynamamlıdı. Müasir futbolda bu mövqeinin oyunçularının çıxışı komandanın oyun
modelini müəyyənləşdirir. Fikir vermisizsə, top Qarada olanda daha çox geriyə
ötürmə edir. Bu isə sürətli hücumun qarşısını alır. Sevindirici haldı ki,
futbolçu tənqiddən nəticə çıxarmağı bacarır. Norveçlə matçda meydana sonradan
çıxmasına baxmayaraq oyuna yaxşı qoşuldu və 2-3 epizodda irəli yaxşı ötürmələr
verdi. Bu da onu göstərir ki, futbolçu məşqçinin ondan nə istədiyini başa
düşür.
- Bəs Dmitri Nazarovu niyə ikinci hissədə meydana buraxdınız?
- Bir vaxtlar Foqtsun legionerləşdirmə siyasətindən narazı
qalan futbol mütəxəssislərimiz çayxanalarda "bu, bizim yox, almanların
millisidi” söyləyənlər, nədənsə Nazarova görə yaman haray-həşir saldılar. Bəlkə
də bir çoxları heç bilmir ki, Nazarov Almaniyanın hansı divizionunda top qovur.
Sadəcə tənqid xatirinə "gərək Cavidin yerinə Nazarov oynayardı” kimi
açıqlamalar verməklə yadda qaldılar. Mənə maraqlıdı: niyə bəzi yerli
məşqçilərimiz Foqts Maksimi dayaq yarımmüdafiəçi kimi oynadanda, Bədavininin
mövqeyini dəyişəndə ağızlarına su alıb durmuşdular. Heç efirdə, mətbuatada
almanı tənqid etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu
hər mövqedə oynamaldı. Ancaq Nazarovu meydana buraxmamışam deyə məni az qala
xalq düşməni çıxardırlar. Çox maraqlıdı ki, 6 il səsi çıxmayan mütəxəssislər
Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar. Bu da mənə
çatmır. Görəsən, niyə üzdə "Mahmud, sən hər şeyi düz etmişdin” deyən bəzi yerli
məşqçilər gedib başqa yerlərdə dalımca danışırlar. Sözün var, səhvim var kişi
kimi sözü üzümə söylə. Hamısı da yaxşı bilirdi ki, Mahmud yalnız bir oyunda
milliyə rəhbərlik edəcək. Özümdə bu haqda açıqlama vermişdim. 6 il danışmağa
özündə cürət tapmayanlar, noyabrın 17-dən ağızlarını açıb, gözlərini yumublar. O
da maraqlıdı ki, məni tənqid edənlər, heyəti müəyyənləşdirərkən səhv etdiymi
söyləyənlər, nədənsə oyundan öncə və sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi
qələmə verməyə çalışırdılar. Fürsətdən istifadə edərək, Tərlan Əhmədova
minnətdarlığımı bildirmək istəyirəm. Tərlan müəllim sağ olsun ki, AZAL-ın
fiziki hazırlıq üzrə məşqçisi Kolesnikova millidə mənə yardımçı olmağına şərait
yaratdı. Yenə o fikirdə qalıram ki, heyətlə bağlı hansısa səhvə yol
verməmişdim. Bizim zəif yerimiz "ikinci mərtəbə” idi ki, rəqib də bundan
yararlana bildi. O problemi də Mahmud yox, kim olur-olsun, bir oyuna aradan
qaldıra bilməz. Topa sahib olmada, ikili mübarizədə və adını çəkmədiyim digər
meyarlarda rəqibdən geri qalmadığımızı düşünürəm. Mən aciz adam deyiləm. Sadəcə
bu müddətdə sakit durub kimin nə danışacağını gözlədim. Və eşitdiklərimdən
məyus oldum. Hərdən öz-özümə fikirləşirəm ki, "Mahmud, bəlkə sən millini Avropa
çempionatının final mərhələsinə çıxmaqdan məhrum etdin” və buna görə bu qədər
üstümə gəldilər. Məni qınayanlar, səhv etdiymi fikirləşənlər onu da yaddan
çıxarmasınlar ki, Xorvatiyaya böyükhesablı məğlubiyyətdən sonra futbolçuları
motivasiya etmək, onlarda özünəinamı formalaşdırmaq heç də asan deyildi.
- Qeyri-adi heç nə baş verməsə, yəqin ki, yığma Robert
Prosineçkiyə tapşırılacaq. Məşqçilər korpusunda işini davam etdirəcəksiniz?
- Etimad göstərsələr, AFFA rəhbərliyi və yeni baş məşqçi
qalıb işimi davam etdirməyimi istəsə məmuniyyətlə işləyərəm.
- Necə düşünürsüz bu gün millidə yer alan futbolçularla böyük
hədəflərə çatmaq mümkündü?
- Məncə, yeni gələn çalışdırıcı islahatlara başlayacaq.
Çünki, U-17 və U-19-un Avropa çempionatının elit raunduna vəsiqə qazanması
göstərdi ki, bizdə gənc potensiallı futbolçular var. Onları tədricən əsas
yığmaya cəlb edib, püxtələşməsinə çalışmalıyıq. Yəqin ki, Prosineçki də bu cür
addım atacaq.
- Yığmanı baş məşqçi kimi oyuna çıxartmaq xüsusi hissdi,
yoxsa məşqçi üçün klub və yığma eynidi?
- Məncə, bu sualı kiməsə versəniz, eyni cavabı eşidərsiz. Milli
bütün ölkəni təmsil edir və onun məşqçisi olmaq hər adama qismət olmur. heç
şübhəsiz ki, yığmada işləmək, onu oyuna çıxartmaq özəl hissdi. Ancaq bir məqama
görə təəsüflənirəm.Yığma üzvləri noyabrın 4-də bir araya gəldi. Yalnız Kamran
Ağayev heç kimə heç nə demədən ertəsi düşərgəyə təşrif buyurdu. Və gəldi
bəhanələr gətirdi ki, nəsə başqa təxirə salınmaz işi olub (Qurbanov konkret
fakt söyləməsə də, əldə etdiyimiz bilgiyə görə qapıçı gecikməsini ayın 4-də
bankda işlərinin olmasıyla əlaqələndirib).Halbuki uşaqların hamısına əvvəlcədən
demişdim ki, bircə ölüm-itim olsa, kiməsə icazə veriləcək. Bütün başqa işləri
oyundan sonraya saxlasınlar. Ancaq Ağayev intizamı pozdu. Mən gərək onu
yığmanın düşərgəsindən qovaydım. Sadəcə, məsul oyun ərəfəsində düşərgədə
ab-havanı pozmaq istəmədim. Bəlkə də bununla səhv etdim. Belə futbolçular ilk
növbədə özlərinə pislik edirlər. Niyə Kamran Foqtsun 6 illik dönəmində belə
etməmişdi? Bəlkə ona elə gəlir ki, yerli məşqçi olanda istədiyini edə bilər? Yenə
deyirəm yalnız ab-havanı pozmamaq üçün, onun səhvinə göz yumdum. Sonra
deyəcəkdilər ki, bir oyunluq gəldi, aranı qatıb getdi. (Futbol+)