
Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş şahmat turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu turda ağ fiqurlarla rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniklə qarşılaşıb.
Görüş 42-ci gedişdə Kramnikin təslim olması ilə nəticələnib. Beləliklə, xallarını 4,5-ə çatdıran Məmmədyarov turniri 5-ci pillədə başa vurub. O, Kramnik, Petr Svidler (Rusiya) və çinli Li Çao ilə eyni miqdarda xal toplayıb.
Yarışın qalibi adını 6 xalla rusiyalı Yan Nepomnyaşi qazanıb. Hollandiyalı Aniş Giri 5,5 xalla 2-ci yeri tutub. Hərəyə 5 xala malik Vişvanatan Anandla (Hindistan) Levon Aronyan (Ermənistan) 3-4-cü yerləri bölüşüblər. Son 2 yeri isə 3,5 xalla rusiyalı Yevgeni Tomaşevski və 2 xalla israilli Boris Gelfand tutub.