Ölkənin idman mediası Topaz və Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü ilə Premyer Liqanın bölgədə keçirilən oyununu işıqlandırmaq üçün noyabrın 30-da səhər tezdən AFFA-nın qarşısında yığışmışdı. Bu dəfə səfərimiz Zaqatalaya idi, yerli "Simurq”la Avropa təmsilçimiz "Qarabağ” klubu arasındakı qarşılaşmaya.
Avtobus hərəkətə başladı və keçən dəfəki kimi PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Topazın bölgələrə səfər edən jurnalistlər arasında müsabiqə keçirdiyini elan etdi. Jurnalistlərdən kim oyunun hesabını düzgün tapsaydı, Topazdan 1000 manat mükafat alacaqdı. Keçən dəfə Qəbələ səfərində olanlar viktorinadan xəbərdar idilər, "media avtobusu” ilə bölgəyə ilk dəfə səfər edənlər üçün bu, gözlənilməz xəbər oldu.
Avtobus hərəkətə başladı və keçən dəfəki kimi PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Topazın bölgələrə səfər edən jurnalistlər arasında müsabiqə keçirdiyini elan etdi. Jurnalistlərdən kim oyunun hesabını düzgün tapsaydı, Topazdan 1000 manat mükafat alacaqdı. Keçən dəfə Qəbələ səfərində olanlar viktorinadan xəbərdar idilər, "media avtobusu” ilə bölgəyə ilk dəfə səfər edənlər üçün bu, gözlənilməz xəbər oldu.
Yolboyu maraqlı söhbətlər, köhnə xatirələrlə dolu hadisələri danışa-danışa Zaqatalaya varid olduq. Əlbəttə ki, artıq hərə öz variantını yazmışdı.
Zaqatala şəhər stadionu
Çoxları bilir, bu stadion Qəbələdəki arena kimi yaxşı infrasutruktura malik deyil. Hamı kimi mənə də qəribə gələn o idi ki, füsunkar təbiət qoynunda yerləşən və insanlarından tutmuş payız mənzərələrinədək təbii olan Zaqatalanın stadionunun örtüyü niyə süniləşdirilmişdi? Digər tərəfdən, "Qəbələ” rəhbərliyi media nümayəndələri üçün əla şərait yaratmışdı. Burada isə bir az şəraitsizlik hökm sürürdü. Söhbət heç də "Simurq"un mediaya cavabdeh rəsmisi Rüstəm Allahverdiyevin həmkarlarına saymazyana münasibətindən getmir. Əksinə, o, jurnalistlərin hər bir problemini həll etməyə çalışırdı. Amma iş ondadır ki, stadionda medianın rahat işləməsi üçün imkanlar aşağı səviyyədədir. Özü də beynəlxalq oyunlar keçirmək üçün sertifikat alan arenada...
Oyun
Matçın əvvəlində "Qarabağ” nə qədər cəhd etsə də, istədiyi oyunu qura bilmirdi. Sözsüz ki, səbəb aparıcı futbolçulardan Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Vüqar Nadirov və Riçard Almeydanın ehtiyat oyunçular skamyasında oturması idi. Baş məşqçi Qurban Qurbanov Fransada "Sent-Etyen”lə matç və uzun yola görə onlara istirahət vermişdi. Qurbanovun komandasının asta oyunu "Simurq”un hesabı açması ilə nəticələndi. 15-ci dəqiqədə Draqan Çeran ilk qolu vurdu. Bu qol "Qarabağ”ı "ayıltdı”. Ardıcıl və sürətli hücumların bəhrəsi olaraq, 23-cü dəqiqədə İlqar Qurbanov hesabı bərabərləşdirdi.
İkinci hissədə qonaqlar daha inamlı oynayırdılar. İnnosent Emeqara və Leroy Corcun birgə əməyi nəticəsində 54-cü dəqiqədə hollandiyalı yarımmüdafiəçi "Simurq”un qapı torunu silkələdi. Qoldan 8 dəqiqə sonra Qurbanov Muarem Muaremin əvəzinə Vüqar Nadirovu meydana buraxdı. 75-ci dəqiqədə Emeqaranın assistentliyi ilə Corc özünün ikinci, komandasının üçüncü qolunu vurdu. Bundan sonra "Simurq” final fitinə az qaldığını görüb təzyiqi çoxaltmağa çalışdı. Artıq Riçard Almeyda ilə Qara Qarayev də oyuna qatılmış, "Qarabağ” gücünü artırmışdı. 79-cu dəqiqədə Marko Stanoyeviçin zəif zərbəsini İbrahim Şehiç səhlənkarlıq edib qapı xəttindən içəridə tutdu. Hakim bunu qol hesab etdi, qonaqlar mərkəzə dəvət olundu.
Və 90-cı dəqiqə. Yadıma düşdü ki, mən viktorina üçün 2:3 hesabını vermişdim. Baş hakim Rəhim Həsənov isə sanki proqnozumdan duyuq düşübmüş kimi oyuna 4 dəqiqə əlavə etdi. Artırılmış dəqiqələrdə mən bəlkə də "Simurq”un baş məşqçisi George Çixradzedən artıq həyəcan keçirdim. Amma həyəcanım əbəs deyilmiş. Final fiti səsləndi. Təkcə "Qarabağ" yox, mən də qalib oldum. "Qarabağ”ın zəfəri məni də qalib etdi. Mən "Qarabağ”a inanırdım. İnanırdım deyə oyunun hesabını elə təxmin etmişdim.
Epiloq
Zaqatalada indiyədək görmədiyim çılğın azarkeşlər gördüm. Mən çılğın deyirəm, amma... Yaxşısı budur, medalın o biri üzündən baxmayaq. Xorla hakimi təhqir etmək heç də yaxşı hal deyildi. Bu, 2002-ci ildə Azərbaycan – Türkiyə oyununda yerli azarkeşlərin Hakan Şükürə dediklərini yadıma saldı. Həmin vaxt cəmi 10 yaşım vardı. Bəlkə də söyüşləri təzə-təzə anlamağa başladığım dövr idi. Hə, stadionda. Yaxşı ki, bu dəfə təkcə hakimə yönələn söyüşləri yox, mənə ünvanlanan təbrikləri eşitdim...
Məcid HƏSƏNLİ
Bakı - Zaqatala - Bakı