1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Belə şahmat kimə lazımdır?
Elşən MƏMMƏDOV
İstənilən tamaşada belədir: Konsertdə də, teatrda da, kinoda da, futbolda da, MMA-da da, lap elə peşəkar boksda da. Heç biri 2-3 saatdan artıq davam etmir.
Elə isə nəyə görə şahmat oyunu 7 saat 45 dəqiqə (!) davam etməlidir?! Dünən norveçli Maqnus Karlsenlə rusiyalı Yan Nepomnyaşi arasındakı görüş məhz bu qədər davam edib. Tərəflər hərəyə 136 gediş edərək, 1978-ci ildə qeydə alınmış 124 gedişlik partiyalıq rekordu geridə qoyublar.
Bu uzunluqda oyun kimin üçün maraqlıdır? Bəli, şahmatı canlı izləyən tamaşaçılar da var. Şəxsən mən ən sadiq azarkeşləri 2013-cü ildə İngiltərənin paytaxtı Londonda İddiaçılar Turnirində olduğum vaxt görmüşəm. Lakin sayları çox deyildi: cəmi 200-300 nəfər. Onlar da yerlərindən tərpənmədən, heç bir emosiyasız, zalda sakitliyə tam riayət etməklə 4 taxtada 8 şahmatçının əl hərəkətlərinə, iri ekranda isə gedişlərinə baxırdılar.
Bəs şahmatçılar nə edirdilər? İstədikləri vaxt ayağa qalxır, zalda gəzişir, gedib özlərinə çay-köfe süzür, hətta "kurilka"da siqaret də çəkirdilər. Yox, mən "İdman hara, siqaret hara?" sualını verməyəcəyəm.
Sözüm ondadır ki, şahmatı tamaşaçı baxımından zövqlü etməyə həddindən artıq ehtiyac var. Nəinki 7 saat 45 dəqiqəlik, hətta 4-5 saatlıq şahmat oyunu da kütləvi şəkildə izlənilməz! Söhbət blits, rapid, gözübağlı şahmat oyunlarından getmir. Onlar 15-20 dəqiqəyə bitir. Söhbət normal vaxt kəsiyində - maksimum 3 saat davam edən şahmat oyunundan gedir.
İstənilən oyun səhvlər üzərində qurulub. Şahmatı isə elə oynayırlar ki, sanki burada səhv etmək olmaz. Hər səhv az qala ölüm kimi qəbul edilir. Səhvsiz və bir çox hallarda şablon oyun yalnız şahmat mütəxəssisləri, bu növün xüsusi həvəskarları üçün hardasa maraqlı görünə bilər. Gərgin, döyüşkən, barışmaz mübarizə, sonda tərəflərdən birinin və ya sevimli şahmatçısının qələbə qazanmasını görmək istəyən azarkeş danışılmış sülh, məcburiyyətdən sülh, patla sülh kimi sonluqları arzulamır.
Elə jurnalistlər də belə "oyunlar"ı, imitasiyaları izləmək istəmirlər. Onların bu qədər uzunluqda və çox vaxt heç-heçə ilə bitən görüşü hər gedişinədək izləməyə nə səbrləri, nə də vaxtları çatar.
Şahmatı tamaşaçılar üçün oynamaq lazımdır. Hazırkı 7-8 saatlıq oyunlar nəinki tamaşaçılara və jurnalistlərə, hətta təşkilatçıların özlərinə də yaramır. Elə hazırda davam edən dünya şahmat tacı uğrunda görüşün formatına diqqət edək: 24 noyabrdan 14 dekabradək cəmi 14 oyun. Heç-heçə qeydə alınsa, dekabrın 16-dək tay-breyk, yenə qalib müəyyənləşməsə Armageddon. Elə ona görə də bu qədər oyunun xərclərini pullarını səpməyə hər zaman hazır olan ərəblər çəkir!
Şahmat oyununun formatında Beynəlxalq Şahmat Federasiyası (FIDE) səviyyəsində dəyişikliklər edilməlidir. Bu məsələdə Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti Mahir Məmmədov xüsusi rol oynaya bilər. Çünki o, həm də FIDE-nin vitse-prezidentidir. Başqa sözlə, ali şahmat qurumunun rəhbərliyi uzaqda deyil.
Bu və digər məsələlərin müzakirəsi üçün mütəxəssislərlə, şahmatdan yazan jurnalistlərlə görüş təşkil etmək olar. Hazırda ən yaxın və ən uyğun vaxt isə dekabrın 18-dən 23-dək Bakıda Vüqar Həşimovun xatirəsinə keçiriləcək 7-ci beynəlxalq superturniri günləridir.