17 yaşadək futbolçulardan ibarət milli komandada dəyişikliklər baş verib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Aqil Nəbiyevlə müqavilə iyulun 1-dək uzadılsa da, köməkçi-məşqçi Emin İmaməliyev və qapıçılarla iş üzrə məşqçi Elşən Poladovla yollar ayrılıb.
Digər köməkçilər - məşqçi Emin Mustafayev və fiziki hazırlıq üzrə məşqçi Cəmil Hacıyev isə komandada qalıb.
Müəmmalı dəyişikliyin səbəbi açıqlanmır. Özəl mənbələrdən Sportnet.az-a bildirilib ki, bu, Nəbiyevin şəxsi istəyi ilə baş verib.
20 - 30 apreldə Qazaxıstanın Çimkənd şəhərində keçirilmiş UEFA İnkişaf Turnirində bütün köməkçiləri ilə birlikdə iştirak edən baş məşqçi Bakıya qayıtdıqdan sonra məşqçilər heyətində dəyişikliyə əl atıb.
Müqavilə müddətinin cəmi 2 aylıq uzadılması isə iyunda təlim-məşq toplanışının nəzərdə tutulması ilə əlaqədardır.
Qeyd edək ki, Elşən Poladov və Emin İmaməliyev U-17 yığmasında 2025-ci ildən çalışırdı.



















































































