Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün son turunda keçirilən "Kəpəz" – "Qəbələ" oyunundan sonra Gəncə komandası azarkeşləri ilə sağollaşıb. Sportnet.az-ın məlumatına görə, klubun məşqçilər korpusu və futbolçu heyəti meydanın mərkəzində toplaşaraq futbolsevərləri alqışlayıb.
Tribunaları tərk etməyən 10 minə yaxın tamaşaçının qarşısında çıxış edən "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev və kapitan Tural Axundov mövsüm boyu möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib. Diniyev komandanın Avropa Liqasına vəsiqə qazanmasını fanatlara hədiyyə etdiklərini deyib və onları qitəmiqyaslı turnirdə "sarı-göylər"ə dayaq olmağa çağırıb.
Bundan sonra futbolçular tribunalara doğru yaxınlaşaraq formalarını azarkeşlərə atıblar.