Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov daha ciddi sanksiya ilə üzləşə bilər.
Sportnet.az-ın "zonakz.net" saytına istinadən məlumatına görə, ittiham təsdiqini taparsa, 28 yaşlı idmançı ömürlük diskvalifikasiya olunacaq. Səbəb onun əvvəllər də dopinq-testinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalmasıdır. Qaydalara əsasən, ikinci dəfə testdən keçə bilməyən idmançı 8 il və ya ömürlük diskvalifikasiyaya məruz qalır.
Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) araşdırma müddətində Rəhimovu yarışlardan müvəqqəti kənarlaşdırıb.
Təcrübəli ağırlıqqaldıran 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.
Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.