
Türkiyə Super Liqasında mübarizə aparan "Qaziantepspor" klubu Almaniya "Hoffenhaym"ında çıxış edən Jiloan Hamadı icarəyə götürmək istəyir. Sportnet.az-ın "Sporx.com"a istinadən məlumatına görə, 25 yaşlı hücumçu ilə Belçika "Standard"ı və Hollandiya "Herenven"i də maraqlanır.
Hamadın özü də başqa komandada oynamaqda maraqlıdır. "Hoffenhaym" təkliflər arasında seçimi futbolçunun öhdəsinə buraxıb. Hücumçu "Qaziantepspor"a keçsə, türk statusu ilə çıxış edəcək. Səbəb kimi onun Azərbaycan pasportuna sahib olması göstərilir.
Qeyd edək ki, Jiloan Hamadın rəsmi sənədlərdə 6 noyabr 1990-cı ildə Bakıda doğulduğu göstərilib. Kürd əsilli hücumçu hazırda İsveçdə yaşayır. Hamad elə bu ölkənin milli komandasının üzvüdür. Hücumçunun "Hoffenhaym"la 2017-ci ilədək müqaviləsi var.







































































