
"Komanda adından bu, xalqımıza Novruz hədiyyəsi oldu". Sportnet.az-ın məlumatına görə, bunu Malta yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Oyundan narazı qaldığını deyən Prosineçki bildirib ki, daha yaxşı çıxış etmək olardı. Bununla belə, xorvatiyalı mütəxəssis 2 qol vurduqlarını nəzərə alaraq, mübarizə əzmini müsbət dəyərləndirib: "Mətbuat konfransında da bildirmişdim ki, çətin olacaq. Çünki rəqib 5 müdafiəçi ilə oynayırdı. Rəqibin cinahlarının zəif olduğunu bilirdik. Bu çatışmazlıqdan yararlanaraq, məhz belə vəziyyətlərdən qol vurduq".
Prosineçki jurnalistlərə tövsiyə ilə danışdıqlarını irad tutub. O, Namiq Ələsgərovun erkən zədələnməsinə təəssüfləndiyini bildirib: "Həkimlər onun əvəzlənməli olduğunu bildirəndə çox təəssüfləndim. Potensiallı futbolçudur. Zədəsinin ciddilik dərəcəsinə sabah aparılacaq müayinədək sonra aydınlıq gələcək".
Baş məşqçi müdafiə xəttindən də razılıq ifadə edib. Təcrübəli mütəxəssis erkən qol vurduqdan sonra millimizin futbolçularının psixoloji təzyiq səbəbindən 90 dəqiqə hücumameylli futbol oynaya bilmədiklərini söyləyib. O, ehtiyatlı oyunu 3 yeni futbolçunun yığmada yer alması ilə əlaqələndirib. Komandasının tapşırıqlarını yerinə yetirdiklərini bildirən Prosineçki müəyyən vaxta ehtiyac duyduqlarını bildirib: "Malta böyük futbol ölkəsi olmasa da, belə komandaya qarşı oynamaq çətin idi. Amma üzərimizdə təzyiqin olduğunu və yeni futbolçuların yer aldığını nəzərə alaraq, nəticədən razıyam. Top itkiləri olsa da, cinah oyunçuları Əfran İsmayılovla Arif Daşdəmirovun zəif oynadıqları fikri ilə razı deyiləm. Əksinə, Əfranın daha yaxşı gələcəyinin olduğunu düşünürəm. Cavid Hüseynovun indiyədək millidə belə gözəl oyununu görmüşdünüz? Nəyə görə həmişə səhvlər axtarırsınız? Suallardan qorxmuram. Amma yalnız pis tərəfləri yox, yaxşı tərəfləri də soruşmaq olar. Əsas heyətdə oynatdıqlarım klublarında daim çıxış edənlər idilər. Ümidvaram ki, legioner həyatı sürənlər daha çox oynayacaqlar. İsrafilov böyük potensiala malikdir. Nazarov son oyunda 55 dəqiqə meydanda olub".
Rahid Əmirquliyevin daim stabil çıxış etdiyini deyən baş məşqçi yaradıcı və ya dağıdıcı funksiyanı yerinə yetirməsindən asılı olmayaraq, çox gözəl futbolçu olduğunu əlavə edib. O, əks-hücumlar zamanı futbolçularımızın gec irəli atılmalarına dair suala cavab olaraq, ilk dəqiqələrdən müdafiədən hücuma tez keçdiklərini bildirib: "Siz də 4 məğlubiyyətdən sonra irəliyə daha ehtiyatlı çıxmaq istəyirsiz. Amma fasilədən sonra futbolçularıma dedim ki, çıxın oyununuzu oynayın".
Maltalı jurnalistin öz ölkəsinin yığmasının oyunu barədə sualına cavab olaraq, Prosineçki bildirib ki, rəqibin Xorvatiya ilə oyununu canlı izlədiyini bildirib. O, rəqibin ikinci hissədə millimizdən yaxşı oyun sərgilədiyini söyləyib: "Futbolda hər şey mümkündür. Rəqib qol da vura, hesabda irəli çıxa bilərdi. Hər bir məşqçinin B planı olur. Amma sirri açmaq istəməzdim. Qarşıda oyunlarımız var. Bizə bu oyunda özünəinam, motivasiya üçün qələbə vacib idi. Yenə oyunlara gedəcəyəm. "Neftçi"nin oyunlarına da baxacağam. Bakıda qalacağam. Əlimizdən gələni edəcəyik ki, Norveçlə oyuna tam hazır olaq. Sabahdan bu oyunu fikirləşməyə başlayacağıq".
Baş məşqçi Norveçlə iyunun 12-də səfərdə keçirəcəkləri oyunadək futbolçuların öz üzərlərində işləyərək, fiziki durumlarını artıracaqlarına ümid etdiklərini bildirib.
Sonda Prosineçki kapitan Rəşad Sadıqovun zəif çıxış etməsi fikri ilə razılaşmadığını bildirib: "Potensialı gənc futbolçular millidə var. Rəşad Sadıqovun zəif çıxış etməsi fikri ilə razı deyiləm. Sözsüz ki, hər bir futbolçunun öz getmə məqamı var. Amma Rəşad hələ 2 ilədək yığmada çıxış edə bilər".