Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Şərif Şərifovun "Bakı 2015" I Avropa Oyunlarından kənarda qalmasının səbəbi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu barədə 27 yaşlı pəhləvanın özü "İnterfax" agentliyinə açıqlama verib.
Yeni çəki dərəcəsinə (97 kq) hələ uyğunlaşmadığı deyən Şərifov Xetaq Qazyumovla görüşdə məğlub olduğunu bildirib: "Təəssüf ki, Avropa Oyunlarına vəsiqə qazana bilmədim. Yeni çəki dərəcəmə təzəcə keçdiyimdən, hələ adaptasiya olmamışam. Komandanın lideri Xetaq Qazyumovla görüşüm oldu və uduzdum. Bu səbəbdən, "Bakı 2015"ə düşə bilmədim".
2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi artıq 2016-cı il Rio-de-Janeyro olimpiadasına hazırlaşacağını əlavə edib: "Avropa Oyunlarına düşməsəm də, hələ böyük olimpiada var. Ora hazırlaşacağam. Fikrimcə, Rio-2016-da müsbət nəticə göstərəcəyəm".
"Bakı 2015"də şanslara gəlincə, Şərifov deyib ki, güləşçilərimiz çoxlu medal qazanacaqlar: "Hamının əvəzinə danışmayacağam, amma fikrimcə, güləşçilər yaxşı çıxış edəcəklər. Azərbaycanda güləş ən güclü idman növüdür. Yığma daim ön pillələrdə olur. Amma digər ölkələrdən də Bakıya zəif idmançılar gəlməyəcəklər. Asan olmayacaq".
Sonda olimpiya çempionumuz proqnoz da verib. O bildirib ki, Azərbaycan Avropa Oyunlarında medal sıralamasında 5-ci yeri tuta bilər.
Qeyd edək ki, Şərif Şərifov London olimpiadasında 84 kq çəki dərəcəsində qızıl medal qazanıb.