
Bu gün "Bakı 2015" I Avropa Oyunlarına hazırlıq çərçivəsində yığma komandaların hesabat konfransı keçirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, tədbirdə Gənclər və idman Nazirliyi, federasiyaların rəsmiləri və yığma komandaların baş məşqçiləri iştirak edib.
"Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsində (BEGOC) keçirilən tədbirdə nazir və Oyunların baş icraçı direktoru Azad Rəhimov iyunun 12-də start götürəcək mötəbər yarışın önəmindən danışıb. O bildirib ki, hazırda BEGOC-da çalışan 1500-dək əməkdaşın əksəriyyəti yerli, 500-ə yaxını isə xarici mütəxəssislərdir: "Onların köməkliyi ilə Bakıda Avropa, dünya tarixində ilk Avropa Oyunları keçiriləcək. Nazir I Avropa Oyunlarının Azərbaycanın tarixində böyük bir hadisə, olimpiada və futbol üzrə dünya çempionatından sonra 3-cü mötəbər yarış olduğunu söyləyib: "Dəfələrlə Prezident İlham Əliyev vurğulayıb ki, qitəmiqyaslı yarış olmasına baxmayaraq, Avropa Oyunlarını dünya səviyyəsində keçirməliyik. 2 il ərzində çox böyük işlər həyata keçirilib. Görürsünüz ki, Bakının siması necə dəyişilib. Yollar, binaların fasadları dəyişib, idman qurğuları, yeni hava limanı tikilib. Stend atıcılığı mərkəzi qurulub ki, bunun bəlkə də dünyada analoqu yoxdur. Aprelin sonlarınadək bütün qurğular istifadəyə veriləcək".
A.Rəhimov Oyunlarda qonaqlara kömək edəcək könüllülərdən də danışıb. Onun sözlərinə görə, "Bakı 2015"də 17-18 min könüllü olacaq və onların 5 mini Açılış və Bağlanış mərasimlərində iştirak edəcək: "Yeni tamaşaçı proqramı həyata keçirilir. Burada əsas məqsəd Bakı sakinlərini idman zallarına dəvət etməkdir".
Nazir Oyunlar zamanı ən önəmli məqsədin medal qazanmaq olduğunu da vurğulayıb. O, Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstəyi nəticəsində "Bakı 2015"də çıxış edəcək Azərbaycan idmançılarının uğur qazanmalı olduqlarını qeyd edib. A.Rəhimov doğma divarların, tamaşaçıların idmançılara bu yöndə kömək edəcəklərini bildirib.
Ardından nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bugünədək görülən işlərlə bağlı məlumat verib. M.Rəhimov bildirib ki, "Bakı 2015"də bir çox idman növü üzrə 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanılacaq. O, Azərbaycanın təxminən 166 kişi və 122 qadın idmançısının Avropa Oyunlarına qatılacağını bildirib.
Hesabatdan sonra A.Rəhimov dopinq-test məsələlərinə toxunub: "Heç kim bu maddələrdən istifadə etməyi fikirləşməsin. İdmançılara istifadəsi qadağan olunmuş maddələr xəlvəti verilə bilər. Ancaq biz tərəfdən nəzarət yüksək olacaq".
İclas qapalı müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.