
Azərbaycanın tanınmış sərbəst güləşçisi Cəbrayıl Həsənov karyerasını başa vurmaq istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a 30 yaşlı idmançının özü məlumat verib. 3 qat Avropa çempionu bunadək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini də bildirib: "Qismət olsa, olimpiadada çıxış etmək niyyətindəyəm. Bu il bəlkə də karyeramın sonudur. İlin yekununa kimi karyeramı bitirmək istəyirəm. Fikrim budur".
Qeyd edək ki, Cəbrayıl Həsənov 2010-cu ildə Bakıda, 2011-ci ildə Almaniyanın Dortmund şəhərində, 2019-cu ildə isə Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanıb. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.