Bu il keçirilən son Azərbaycan çempionatı bir daha göstərdi ki, ölkəmizdə cüdonun həm təşkilati səviyyəsi, həm də idmançılar arasında olan rəqabətin keyfiyyəti ildən ilə daha da yüksəlir. Hələ yarışın ilk günündən hiss olunurdu ki, hazırlıq mərhələsində görülən işlər – tatamilərin qurulmasından tutmuş texniki zonanın tərtibatına, tibbi xidmətin operativliyinə və logistikanın təşkilinə qədər hər bir xırda detal dəqiqliklə planlaşdırılıb.
Qeyd etməliyəm ki, bu cür təşkilatçılıq həm hakimlərin işini yüngülləşdirir, həm idmançıların rahatlığını təmin edir, həm də yarışın ümumi ritmini pozmadan davam etməsinə şərait yaratdı.
Yarışın bu qədər problemsiz və yüksək səviyyədə keçməsində ən ciddi səbəblərdən biri də fikirimcə hakimlərin göstərdiyi professionallıq və bu kollektivdə yaranmış xoş münasibətlərin son zamanlar ən yüksək səviyyəyə çatması oldu.
Çempionat boyu bunu bir daha aydın gördüm. Hakimlərin bir-birinə verdiyi dəstək, qərarların koordinasiyalı şəkildə qəbul olunması, gərgin vəziyyətlərin soyuqqanlılıqla və birlikdə həll edilməsi yarışın axıcılığını təmin edən əsas amillər idi.
Bu birlik çətin epizodlara daha operativ reaksiya verməyə, video-təkrar prosesinin qüsursuz aparılmasına, qərarların dəqiqliyinin artmasına,ümumi ritmin heç bir gecikmə olmadan qorunmasına güclü təsir göstərdi.
Bu gün Azərbaycan cüdo hakimliyinin gücü hakimlərimizin fərdi peşəkarlığı ilə yanaşı, komanda harmoniyasında və bir-birinə güvənindədir.
Yarışdan öncə keçirilən son seminarın təsiri isə çempionat zamanı çox aydın hiss olundu. Çempionatın başlamasına iki gün qalmış təşkil edilmiş praktiki seminar zamanı qayda dəyişiklərinin birlikdə analiz olunması, mübahisəli epizodların video üzərindən təkrar nəzərdən keçirilməsi və vahid standartlara uyğunlaşma hallarının təkrarı bizim işimizi xeyli asanlaşdırdı.
Bu il komandamıza qoşulan iki yeni hakimin da bu yarışda çıxışı mənim üçün xüsusi sevindirici oldu. Həm davranış baxımından, həm qaydaların tətbiqi və həm də ümumi komanda ilə birgə işə yanaşmaları zamanı özlərini çox yaxşı tərəfdən göstərdilər. Onların kollektivə qısa zamanda uyğunlaşması, təcrübəli hakimlərlə yanaşı çətin vəziyyətlərdə doğru qərarlar verməsi cüdo hakimliyinin gələcəyi üçün çox vacib amillərdəndir.
Mətin Rəhimli
ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim











































































