“Məşqlərimizi davam etdiririk. Təlim-məşq toplanışı öz qaydasında gedir. Komandada əhval-ruhiyyə yüksəkdir. İndidən Avropa Olimpiya Təsnifat turnirinə neçə faiz hazır olduğumuzu deyə bilmərəm. Bu barədə yarış ərəfəsində fikir bildirmək mümkündür".
Sportnet.az-ın məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov komandanın hazırlığı və son vəziyyəti ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Rusiyalı mütəxəssis milli üzvlərinin hazırlıq səviyyəsinin normal olduğunu bildirib: "Çalışacağıq ki, olimpiadaya lisenziyaları qazanaq. Ancaq bu lisenziyaların sayı ilə bağlı proqnoz verə bilmərəm. Ümid edirəm ki, mümkün qədər çox vəsiqə əldə edəcəyik. İlk cəhddən 6 lisenziyanın hamısını qazanmaq çətin məsələdir. Hər halda, uşaqlar əllərindən gələni edəcək. Fikrimcə, hər şey yaxşı olacaq".
Baş məşqçi Hindistan yığması ilə birlikdə təlim-məşq toplanışı keçmələri barədə də danışıb. O bildirib ki, qonaq komandanın heyətində gənc güləşçilər üstünlük təşkil edir: "Bizdə təcrübəli pəhləvanlar çoxdur. Əlbəttə, komandalar arasında səviyyə fərqi hiss olunur. Budapeştdə çıxışı nəzərdə tutulan güləşçilərin zədələrinin olmaması sevindirici məqamdır”.
Qeyd edək ki, bu ilin ilk lisenziya yarışı - Avropa Olimpiya Təsnifat turniri 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə olacaq. Güləşin bu növü üzrə mübarizə yarışın son iki günündə baş tutacaq. Hər çəkidə finalçıların Tokio-2020-yə vəsiqə qazanacağı turnirdə Azərbaycan millisi 60 kq, 67 kq, 77 kq, 87 kq, 97 kq və 130 kq-da təmsil olunacaq.