"Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin".
Sportnet.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu legioner idmançıların milli komandaya cəlb olunması barədə danışarkən deyib.
O bildirib ki, hazır cüdoçunu yığmaya gətirmək elə də asan deyil: "Bunun üçün müvafiq şərait yetişməlidir. Nə vaxt görsək ki, belə idmançı var, problemli çəkilərdə rəqabəti artıra bilər, o zaman həmin cüdoçunu götürə bilərik. Hazırda belə bir variant yoxdur. Amma, 10 gün sonra ola bilər. Məsələn, qərar verilsə ki, Rusiya cüdoçuları olimpiadaya, nüfuzlu yarışlara buraxılmayacaq, belə bir şeyi ehtimal etmək olar. Bunun üçün Rusiya Cüdo Federasiyasının da icazəsi olmalıdır. Şans yaransa, bundan istifadə edəcəyik. Amma hələlik nə belə şans, nə də ehtimal var. Qarşı tərəfin razılığı olmadan cüdoçu ilə danışıq aparmağın heç bir mənası yoxdur".
ACF rəsmisinin sözlərinə görə, bir müddət öncə çox güclü iki qadın cüdoçu ilə danışıq aparsalar da, keçid baş tutmayıb: "Bir mərhələyə qədər gəldik. Potensiallı idmançılar idi, hər şeyi razılaşdırmışdıq, son anda baş tutmadı, icazə vermədilər. Burada söhbət federasiyadan getmir. Onların çıxış etdikləri klub razı olmadı. Mərkəzi Ordu İdman klubu idi, idmançılar Azərbaycan millisinə keçsəydilər, öz işlərini itirəcəkdilər. Onlar bilirlər ki, ölkədə qalsalar, karyeralarını bitirdikdən sonra əvvəlki işlərini rahat şəkildə davam etdirəcəklər. Seçim qarşısında qaldıqları üçün “yox” dedilər. Bu cür sürprizlər var. Yəni, burada sadəcə pul məsələsi rol oynamır. Ortaya texniki problemlər çıxıb".
Baş katib hazırda konkret danışıqlar apardıqları legioner olmadığını söyləyib: "Digər idman növlərini deyə bilmərəm, cüdoda bunu etmək bir qədər çətindir. Heç bir ölkə yaxşı idmançını sizə vermir. Burada 3 illik karantin dövrü var. İdmançının çıxış etdiyi son yarışdan ən azı 3 il keçməlidir ki, təmsil etdiyi ölkədən icazə almadan sizə keçə bilsin. Məsələn, biz Camal Qamzatxanovu milli komandaya belə cəlb etdik. 2022-ci ilin oktyabrında çıxış etdiyi son yarışın 3 illik müddəti başa çatırdı. Rusiya tərəfi gördü ki, cəmi 3 ayı qalıb, bu səbəbdən vaxtından əvvəl bizə müsbət cavab verdi. Burada münasibətlərimizin yaxşı olması da rol oynadı".
Rəsullunun fikrincə, legioner gətirərkən 2 amilə önəm verilməlidir: "O, ya gənc və potensiallı, ya da nəticə verə biləcək yetişmiş cüdoçu olmalıdır. Hazır idmançını heç kim buraxmayacaq. Unikal vəziyyət olmalıdır ki, onu yığmaya cəlb edə biləsiniz. Ən çox gürcülər digər ölkələri təmsil edirlər. Bunlar 2017-2018-ci illərdə olub. Artıq Gürcüstan belə, öz idmançılarını buraxmır. Yerli olimpiya komitəsi bu məsələyə ciddi qadağa qoyub. Azərbaycana gəlmək istəyənlər, xüsusilə qadın cüdoçular çoxdur. Lisenziya da götürə bilərlər. Bəs medal qazanmaq potensialı nə qədərdir? Bizə nə verəcəklər? Kifayət qədər vəsait xərcləyəcəyik. Düzdür, Səid Mollayinin məsələsi başqadır. Amma onun kimi cüdoçunu istəsəniz də, transfer edə bilməzsiniz. Bizim üçün tapıntı oldu, özü Azərbaycanı seçdi. Ona görə keçidi alındı. Bura gələndən çıxış etdiyi bütün yarışlarda medal qazanıb. Yalnız dünya çempionatında 5-ci yeri tutub".
O, 100 kq-dan yuxarı çəkidə olan problemə də toxunub: "Hazırda sosial şəbəkələrdə də ən çox tənqid olunan Uşangi Kokauridir. Amma nəzərə almaq lazımdır ki, onun ölkə daxilində rəqabət apara biləcəyi idmançı yoxdur. Rəqabət olmayanda cüdoçu artıra bilmir. O, Azərbaycanda keçirilmiş dünya çempionatının gümüş mükafatçısıdır. Bu il 2 medal qazanıb. Yəni, nəticə verməyən idmançı deyil. Sadəcə, öz potensialından çox aşağı çıxış edir. Bu barədə özü ilə də dəfələrlə danışılıb. Camal Qamzatxanovu gətirməkdə məqsəd ilk növbədə rəqabət mühitini yaratmaqdır. Böyüklərdə İmran Yusifov da var. Təəssüf ki, zədələndi, ötən ilin ikinci yarısında çıxış edə bilmədi. İlin əvvəlində ona çox şans verildi, hətta V İslam Həmrəyliyi Oyunlarında çıxış etdi. Lakin reallıq odur ki, hazırda bizdə 100 kq-dan yuxarı çəkidə rəqabət o qədər də böyük deyil. Bu isə idmançının nəticəsinə təsir göstərir. Qamzatxanov vaxtilə gənclər arasında Avropa və dünya çempionatlarında yer tutmuş idmançıdır. Ümumiyyətlə, ağır çəkili idmançıların inkişafı bir az uzun çəkir. Nəticə vermələri üçün vaxt lazımdır. Ona görə karyeraları da bir qədər uzun olur. Həm Camalın, həm də Uşanginin lisenziya şansı var. Əminəm ki, ikisindən biri bunu bacaracaq. Başqa bir idmançımız da lisenziya qazana bilər. Hələ vaxtımız var".