
“Gənc oyunçuları dəvət edib oynatmayacaqlarsa, o, faciə olar. Mütləq dəvət olunan oyunçuya şans vermək lazımdır. Futbolçu oyunda açılışır, məşq isə oyuna hazırlıqdır”.
Sportnet.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Ağasəlim Mircavadov yığmanın Haiti və Belarusla yoldaşlıq oyunları üçün heyəti barədə danışarkən deyib.
78 yaşlı mütəxəssis milliyə ilk dəfə dəvət alan Ağadadaş Salyanski ("Neftçi”), Xəyal Əliyev (“Sabah”) və Şahin Şahniyarov (“Qəbələ”) kimi futbolçulara oyun günü şans verilməsini zəruri hesab edib: “Adətən, milliyə dəvət olunan futbolçuların yaşına yox, oyunlarına fikir verirlər. Millinin üslubuna yarayırsa, dəvət göndərirlər. Ümumiyyətlə, gənc oyunçuların yığmaya gəlməsi müsbət haldır, amma onları klublarında hazırlamaq lazımdır. Bir tərəfdən sevindirici haldır ki, oyunçu sayı artır. Amma keyfiyyətə baxdıqda, onu oyunda görə bilərik. Adətən, U-21 ilə əsas milli arasında təmas olmalıdır. Çünki əksəriyyət yığmaya oradan gəlir. Onları psixoloji cəhətdən hazırlamaq lazımdır”.
Mircavadov yığmanın baş məşqçisi Fernandu Santuşun budəfəki siyahısında yer almayan “Səbail”in gənc futbolçusu Rüfət Abdullazadəyə öz üzərində çox işləməsini və ruhdan düşməməsini tövsiyə edib: “Onun haqqında fikirlərim müsbətdir. Amma oyunçu öz klubunda sabit oynamalıdır. SSRİ dönəmində kim yığmada oynayırdısa, geyimində gerb olurdu. Hakimlər də, azarkeşlər də bilirdilər ki, o, yığmanın üzvüdür. Ondan yaxşı sağ və sol cinah yarımmüdafiəçisi çıxar. Azərbaycanlı oyunçular arasında solaxaylar hədindən artıq azdır. Ola bilər ki, baş məşqçi hansısa məqama görə onu siyahıya salmayıb. Bir-iki oyun yaxşı çıxış edib millidən dəvət gözləməməli, klubunda sabit oynamalıdır. Həm də lider futbolçu olmalıdır. Yəqin ki, Santuş növbəti görüşlərdə ona da dəvət göndərəcək”.
Azərbaycan yığmasının sabiq baş məşqçisi U-21 millisindəki futbolçuların yığmada oyun təcrübələrinin artırılması və səhvlərinin aradan qaldırılması üçün onlara daha çox şans tanınmalı olduğunu da vurğulayıb: “Vacib olan gəncləri dəvət etmək deyil, onlara şans verməkdir. Cavan oyunçuları yoldaşlıq görüşlərində yoxlayırlar. Təbii ki, səhv də edə bilərlər. Amma bir səhvlə onları yığmadan silmək düzgün deyil. Məsələn, Albaniya “Eqnatiya”sında çıxış edən Zamiq Əliyev Estoniya illə oyunda səhvə yol vermişdi. Amma mərkəz müdafiəçisidir. Yığmanın elə mövqeləri var ki, yaşlanıblar. Mərkəz müdafiəçiləri, orta xəttə cavan oyunçuları hazırlamaq, gəncləşdirmək lazımdır. Bəzi futbolçular U-21-in üzvləridir. Millinin oyunları zamanı U-21 millimiz Antaliyada olacaq və iki yoxlama görüşü keçirəcək. Yalnız siyahıda yer alacaqlarsa, bu, səhv fikirdir”.
Sabiq baş məşqçi "Sabah" komandasındakı həmkarı Vasili Berezutskinin azərbaycanlı futbolçuları heyətdən uzaqlaşdırmasına dair iddialara da münasibət bildirib: "Onun işinə qarışmaq fikrim yoxdur. Bu, baş məşqçinin seçimidir. Məsələn, Abdulla Rzayevlə U-21 millisinin düşərgəsində söhbətim olub. "Sabah" Azərbaycan futbolunda top-klublardan biridir, infrastrukturu əla səviyyədədir. Heyətə düşə bilmirsənsə, başqa komandaya keçməlisən. Futbolçu məşqdə yox, oyunda açılır. Futbolçu ilə baş məşqçi arasında nə baş verdiyini deyə bilmərəm. Əvəzedici heyətə göndərilməsi öz qərarıdır. Oyunçunun özü israr etməli idi ki, başqa komandaya getsin və orada meydana çıxsın. Klub isə istədiyi vaxt onu qaytara bilərdi. İstifadə edə bilməyəcəksənsə, onu niyə komandada saxlayırsan? Həngamə gələn il xarici futbolçuların sayı çoxalanda olacaq".
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də Haiti, martın 25-də isə Belarus yığmasına qarşı yoldaşlıq oyunları keçirəcək.