
"Qurban Qurbanovun dediyində həqiqət var".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov evdə "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis "Qarabağ"a qarşı oyunların çətin olduğunu bildirib: "Bütün azarkeşlərimizə təşəkkür edirəm. Bugünkü oyunda 1 xal da bizim üçün qənimətdir, xallarımızın üstünə xal gəldi. Bu, sevindirici haldır. İlk 15 dəqiqədə yaxşı başlamadıq, amma daha sonra futbolçulara özünəinam gəldi. Çünki "Qarabağ"a qarşı oynamaq həmişə çətin olub. Vaxt getdikcə, futbolçularımız özlərinə güvən qazandılar və oyun beləcə getdi. Uduza da bilərdik, qol epizodlarımız da oldu. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan, çünki oyunçuları top səviyyədədir. 1 xala görə komandamı təbrik edirəm".
Bağırov rəqib komandanın baş məşqçisi Qurban Qurbanovun meydanın durumu haqqında dedikləri ilə razı olduğunu vurğulayıb: "Onun sözünün qarşısında söz deyə bilmərəm, deyirsə həqiqət var. Meydanın sulanmadığını bildirirsə, gələn dəfə bunu nəzərə alarlar. Doğrudan da onun sözlərində həqiqət var. Nə deyəsən? Bu məsələnin hər iki komanda üçün mənfi tərəfi var. Əlbəttə, meydanın sulanmaması "Qarabağ"a daha çox təsir edə bilər. Çünki onlar daha sürətli, daha hazırlıqlı, oyunçularının keyfiyyəti daha yüksəkdir. Amma futbol həmişə ikitərəflidir".
O, "Turan Tovuz"a nəzərən "Kəpəz"in ev oyunlarının daha erkən başlamasının işığa görə pul ödəmək istəməmələri ilə əlaqələndirməyib: "Bu gün "Kəpəz"də heç nəyə qənaət olunmur. Buna əmin ola bilərsiniz. Baş məşqçinin istəklərinə də əməl olunur, özü də qısa vaxtda. Projektorun qənaət məqsədilə yandırılmadığını soruşursunuzsa, bu, mənə aid sual deyil. Oyunların vaxtını təyin etmək bizdən yox, Peşəkar Futbol Liqasından asılı məsələdir. Görüşləri axşam saat 21:00-a da təyin etsələr, oynamağa məcburuq və oynayacağıq".
Baş məşqçi bilərəkdən vaxt uzatmaq kimi halların futbolun bir hissəsi olduğunu söyləyib: "Güclü-zəif söhbətini qırağa qoyuram, rəqibə hər hansı diskomfort yaradırsansa, onun psixoloji durumunu korlayırsansa, bunun özü müsbət haldır. "Qarabağ"la oyunda bilərəkdən gecikdirmə halları biz tərəfdən olmadı. Mən bunun əksinəyəm. Xoşlayıram ki, mübarizə olsun. Oyunun sonlarında zədələrə görə vaxtın itirilməsi futbolun bir hissəsidir və oyuna gözəlliyi də qatan odur".
Bağırov kapitan Yeqor Xvalkonu 3 sarı vərəqəsi olduğu üçün qoruduğunu əlavə edib: "Bu gün dördüncü sarı vərəqəni də alsaydı, gələn tur "Səbail"ə qarşı ev oyunumuzu limitə görə buraxmalı olacaqdı".
O, komandasında olan problemi aşkarladığını deyib: "Ötən tur "Sumqayıt"la matçın ilk yarısında pis oynamamışdıq. Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. Qış fasiləsindən sonra 12 xal toplamışıq. Bizim də bir zəif oyunumuz olmalı idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Əmin olun ki, həmin problemlər tapılıb, həll etmişik. Bugünkü oyun da onun bəhrəsi idi. Biz hər bir oyuna qələbə üçün çıxırıq ki, minimal nəticəni əldə edək. "Sumqayıt"la qarşılaşmaya "ikinci nömrə" kimi başlasaydıq, oyunu əks-hücumda qursaydıq, daha yaxşı nəticə göstərərdik. Həmin oyunda futbolçular yorulmuşdular. Amma mən hər zaman irəliyə getməyi tələb edirəm".