
"Təəssüf ki, hər oyunda bizə baha başa gələn kobud səhvlər buraxırıq. Son oyunlarda bu səhvlərin nəticəyə təsir etdiyini də əfsusla qeyd etməliyəm".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssisin sözlərinə görə, məşqlərdə izah edilməsinə baxmayaraq, oyunlar zamanı səhvlər hər dəfə təkrarlanır: "Səhvlərin öhdəsindən gəlmək üçün hansı işlərin görüldüyünü necə izah edəcəyimi bilmirəm. Bu, mənim üçün çətindir. Çünki hər şeyi edir, göstəririk. Lakin futbolçular meydana çıxırlar və səhvlərə yol verirlər. Deyirsən, göstərirsən, izah edirsən, yenə eyni şeylər təkrarlanır".
Berdıyev futbolçu seçimi prosesində səhvlərə yol verildiyi fikri ilə razılaşmayıb: "Anton Kraçkovski Mahaçqala "Dinamo"sunda mənim dövrümdə oynayıb. Mən getdikdən sonra o, uzun müddət çıxış etmədi. O vaxtdan mənim bildiyim formasını heç cür yığa bilmir. Onun və Orxan Əliyevin məsələsinə baxacağıq. Hələ qarşıda bir dövrə də var. Seleksiyada səhvlərin edildiyini düşünmürəm. Çünki burada kompleks səhvlər var. Səhvin sayı bir deyil. Problemlərimizi deyən deyiləm, amma bunlar da məşq prosesinə və digər məsələlərə təsir göstərir. Amma öz üzərimdən məsuliyyəti atmıram, hər şeyə görə mən günahkaram".
Baş məşqçi bildirib ki, komandası avrokuboklara vəsiqə qazana bilməsə belə, istefa verməyəcək: "Xeyr, burada qalacağam. Qarşımızda tapşırıq var, hələlik heç nə itirilməyib. Sadəcə, xüsusən evdə alınan belə məğlubiyyətlər qarşısına avrokubok hədəfi qoymuş komanda üçün üzücüdür və bu cür davam edə bilməz".