
"Gərgin və çoxmübarizəli oyunun olacağını bilirdik".
Bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Emin Rüstəmov Sumqayıtda Monteneqrodan olan həmyaşıdları ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sportnet.az-a açıqlamasında deyib.
21 yaşlı müdafiəçi bildirib ki, qol vəziyyətlərindən yararlanmaq üçün son zərbə çatışmayıb: Oyuna yaxşı hazırlaşmış, meydana qələbə üçün çıxmışdıq. Həqiqətən də qol vəziyyətlərimiz çox oldu. Sadəcə, istifadə edə bilmədik, son zərbə çatmadı".
Milliyə "Səbail"dən çağırılmış oyunçu qarşılaşmanın ardından monteneqrolu futbolçularla dalaşmalarına da aydınlıq gətirib: "Oyundan sonra rəqib komandanın futbolçuları hakimləri sıxırdılar. Çalışırdım ki, onları uzaqlaşdırım. Mən davanın olmasını istəmirdim, istəyirdim ki, hakimlərə təzyiqlə qurtarsınlar. Lakin onlar mənə qarşı aqressiv davranmağa başladılar və meydanda əməlli-başlı dava düşdü. Amma nə ciddi zədə, nə də üzrxahlıq oldu".
Rüstəmov ilk yoldaşlıq görüşündə Belarusa səfərdə 1:3 hesabı ilə uduzmalarına və bugünkü matçda heç-heçə etmələrinə baxmayaraq, U-21 yığmasının toplanışının çox yaxşı keçdiyini iddia edib: "Toplanış müddətində çox yaxşı hazırlıq keçdik. Bizə yaxşı şərait yaradılmışdı. Belarusla matçda boşluqlar verdik.
Monteneqro ilə oyuna isə çox yaxşı hazırlaşmışdıq. Onlara qarşı sıx oynadıq, qol vəziyyətləri yaratmalarına imkan vermədik".