
“Rəqib çox ciddi komandadır, onlara qarşı yaxşı oyun göstərmək niyyətindəyik”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə evdə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən öncə mətbuat konfransında deyib.
Təcrübəli müdafiəçi "Sabah"a əlavə vaxtda 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunundan cəmi bir həftə sonra Latviya ilə qolsuz heç-heçə etdikləri matçadək hazırlıq üçün kifayət qədər vaxtlarının olduğunu söyləyib: “Bu amil bizə təsir etmədi, hazırlıq üçün kifayət qədər vaxtımız var idi”.
Onun sözlərinə görə, şanslar 50:50-yədir: "Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməliyik. Düşünürəm ki, yaxşı oynayıb qələbə qazanmaq mümkündür”.
Qeyd edək ki, iyunun 10-da "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlanacaq.