
“Qarabağ” klubunun təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan mini futbol turniri keçirilib.
Sportnet.az xəbər verir ki, 17 və 18 iyul davam edən görüşlərdə 6 komanda qalib adı uğrunda mübarizə aparıb.
Finalda "J Yunayted" komandasına 9:3 hesabı ilə qalib gələn "İnternasional" kollektivi yarışın qalibi olub. Üçüncü yer uğrunda matçda isə "CanSports" "Media Star" üzərində böyükhesablı qələbə qazanıb - 17:5.
"Futbol +" komandası turniri beşinci, "Qalaksi" isə altıncı tamamlayıb.
Oyunların ardından mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları “Qarabağ” Futbol Klubunun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev təqdim ediblər. Öncə turnirin ərsəyə gəlməsində dəstək olan tərəfdaşlara xatirə hədiyyələri, turnir iştirakçıları tərəfindən imzalanmış formalar təqdim olunub. Ardınca görüşləri idarə edən hakimlərə diplom və hədiyyələr verilib. Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.
Turnirin yekununa əsasən, “İnternasional” komandası çempion olaraq qızıl medallara və kuboka sahib çıxıb. “J United” gümüş, "CanSports” isə bürünc medallarla təltif olunub.
Qeyd edək ki, turnirin “Ən Yaxşı Oyunçusu” adına layiq görülən "İnternasional" komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub. “Ən Sərrast Oyunçu” mükafatı isə "CanSports" komandasının üzvü Etibar Tağıyevə təqdim edilib.