
“Şotlandiyaya 3 qol vurduq, bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı”.
Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Bakıda Şotlandiya yığması ilə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
Gənc mütəxəssis qarşılaşmanın çətin keçdiyini və komandanın fiziki yük altında belə planı yerinə yetirdiyini bildirib: “Çox çətin oyun idi. İlk növbədə, üç gündən bir oynamaq fiziki cəhətdən çox ağırdır, amma biz futbolçuları oyuna yaxşı tonusda gətirə bildik. Oyuna dair planımız işlədi — biz rəqibi yaxşı tanıyırdıq və bizi nə gözlədiyini bilirdik”.
O, qələbənin son dəqiqələrdə əldən verilməsinə görə təəssüfünü də ifadə edib: “Təəssüf ki, bir qolu rikoşetdən, digərlərini isə standart vəziyyətlərdən buraxdıq. Mən sevinirəm ki, komanda Çexiyaya məğlubiyyətdən sonra düzgün reaksiya göstərdi, amma eyni zamanda çox məyusam, çünki qələbəni son dəqiqələrdə əldən verdik”.
Qeyd edək ki, Azərbaycan U-21 yığması qrupda növbəti oyununu noyabrın 18-də səfərdə Cəbəllütariq komandası ilə keçirəcək.