1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yubilyar “Banya” və ya “kişilər günü”ndə dünyaya gələn əsl kişi
Mehman SÜLEYMANOV
Fevralın 23-ü SSRİ dövründən "kişilər bayramı" kimi yadımızda qalıb. Həmin gün ordu günü münasibətilə bizləri təbrik edir, hədiyyələr verirdilər. Ona görə də hələ məktəb dövründə bu günü səbirsizliklə gözləyirdik. Futbolla maraqlanmağa başladıqdan sonra isə 23 fevralın Azərbaycan futbolu üçün xüsusi gün olduğunu öyrəndim. Axı həmin tarixdə futbolumuzun əfsanəsi olan Anatoli Banişevskinin doğum günüdür. Bu günsə onun 70 illik yubileyidir.
O, "kişilər günü"ndə dünyaya gəldi, 51 illik həyatını kişi kimi sürdü, futbolumuzu kişi kimi ləyaqətlə təmsil etdi, kişi kimi sözünün üstündə durdu, nə "Neftçi"dən, nə də ölkəmizdən birdəfəlik ayrıldı. Malakan ailəsində dünyaya gələn insan doğulduğu Bakıya, onu yetişdirən kluba böyük sevgisini nümayiş etdirdi. Banişevskiyə nə qədər cəlbedici təkliflər olsa da, o, SSRİ çemponatında iddialı klublardan sayılmayan, yalnız 1966-cı ildə heyətində bürünc medal qazandığı "Neftçi"yə sadiq qaldı. Doğma komandası birinci dəstədə çıxış etdiyi zaman da ona üz çevirmədi. İndiki nəsildən fərqli olaraq pulun yox, onu yetişdirən kluba sədaqətin onun üçün dəyərli olduğunu nümayiş etdirdi.
15 il çıxış etdiyi "ağ-qaralar"ın beynəlxalq miqyasda layiqli təmsilçisi oldu. Mən Banişevkinin məhz beynəlxalq miqyasdakı uğurlarına daha çox önəm verirəm. Belə uğurlar isə başqa heç bir futbolçumuza nəsib olmayıb – dünya çempionatının bürünc mükafatçısı (1966), Avropa çempionatının gümüş medalçısı (1972), Avropa çempionatının yarımfinalçısı (1968), yığma miqyasında əfsanəvi Eysebio ilə birgə avroturnirlərdə ən yaxşı bombardir (1965).
Əlbəttə, Banişevski "Neftçi"nin heyətində çıxışı zamanı da nailiyyətlər qazandı - 3 il ardıcıl (1965, 1966, 1967) SSRİ-nin "33 ən yaxşı futbolçusu" arasına düşmək, ən azı 100 qol vurduğuna görə Qriqori Fedotov klubunun üzvü olması. Anatoli əsl hücumçu, əsl bombardir idi. Zarafat deyil, SSRİ çempionatında 288 oyunda 136 qol vurmaq, 19 yaşında SSRİ yığmasına çağırılmaq, ilk 8 oyunda 7, ümumulikdə 50 matçda 19 dəfə fərqlənmək. Nə Ələkbər Məmmədov, nə Kazbek Tuayev, nə də başqa bir futbolçumuz "Neftçi"də, SSRİ yığmasında bu qədər oyun keçirib, bu qədər qol vurub.
Braziliya ilə Azərbaycan futbolu müqayisəyə gəlməsə də, bizlər "sambaçılar" qarşısında məhz Banişevskiyə görə öyünə bilərik. Çünki o, dünyanın ən böyük stadionu olan "Marakana"da Braziliya yığmasına 40 metrdən başla qol vura bilib. Bununla da "Futbol kralı" Peledən "qızıl kəllə" ləqəbini alıb.
Heyf ki, Banişevski həyatın acı tərəflərini də görməli oldu, haqsızlıqla üzləşdi. Hələ 1972-ci ilin Avropa çempionatının finalında Almaniya Federativ Respublikasının yığmasına məğlubiyyətdə (0:3) sonralar Bakı "İnter"inin baş məşqçisi olmuş adaşı, Anatoli Konkovla birgə əsas günahkar sayıldılar və qovuldular. Banişevskiyə bundan sonra SSRİ yığmasına bir daha dəvət gəlmədi. "Neftçi"də məşqçi fəaliyyəti qısa müddətli - 2-3 il oldu. İş dalınca yollandığı Afrikada, Burkina-Faso gənclər yığmasında çalışdığı zaman xəstəlik tapdı və ümumiyyətlə, futbol fəaliyyətini başa vurmalı oldu. Həmin vaxtlar isə onun heç 45 yaşı tamam olmamışdı.
Ömrünün son illərini ehtiyac içərində keçirərək 1997-ci ilin dekabrın 10-da dünyasını dəyişdi. Həmin vaxtlar çıxmağa başlayan "Futbol+"un ilk nömrələrinin birinin üz qabığında Banişevskinin vəfatıyla bağlı məlumat indiyədək gözümün önündədir.
Bəli, "Neftçi"nin "9 nömrə"si olan "Banya" futbolumuzda həqiqətən silinməz izlər buraxaraq son 50 ildə birmənalı olaraq ən yaxşı futbolçumuzdur. O, bir vaxtlar SSRİ əməkdar ustası idisə, hələ ölümündən 1 il qabaq Azərbaycan Prezidenti tərəfindən "Şöhrət Ordeni" ilə təltif olundu. Bununla da həmin ali mükafata layiq görülən ilk futbol adamımız oldu.
Bu il Banişevskinin 70, doğma "Neftçi"sinin isə SSRİ çempionatının bürünc medal qazanmasının 50 illik yubileyidir. Həmin mükafatı qazandıran həlledici matçda – Moskva "Spartak"ına Respublika stadionunda 3:0 hesabı ilə qalib gəldiyimiz matçda "dubl" müəllifi, həmin 1966-cı il mövsümündə 12 qolla bombardir olduğundan, uğurda böyük əməyi var. Ancaq əfsuslar olsun ki, sağlığında qədrini bilmədik. Xalq şairimiz Cabir Novruz demişkən, "Sağlığında qiymət verin insanlara!"
Yubileyin mübarək, Banişevski!