Azərbaycan milli çempionatında ilk legioner kim olub?
Sportnet.az saytı bu gündən başlayaraq AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılara start verir. Ölkə çempionatının aparıcı qüvvəsi sayılan legionerlərlə bağlı ətraflı statistik araşdırmanın indiyədək olmaması üzündən bu sahədə boşluğun aradan qaldırılmasına çalışacağıq. İlk yazı ölkə çempionatındakı ilk legionerin kimliyinə aydınlıq gətirilməsi, əcnəbilərin ilk qolunun, ilk avtoqolunun müəyyənləşdirilməsi ilə bağldır.
Hələ SSRİ vaxtında olan gəlmə futbolçular
1992-ci ildən başlayan Azərbaycan milli çempionatını legionersiz təsəvvür etmək qeyri-mümkündür. Əcnəbi futbolçular istər-istəməz həmişə diqqət mərkəzində olub, onların transferləri zamanı karyeralarına xüsusi nəzər salınıb, klublarımıza həm daxili yarışlarda, həm də avrokuboklarda fayda verəcəklərinə böyük ümidlər bəslənilib.
Legioner deyəndə, adamın yadına qədim tarix, qədim Roma düşür. Bu söz latıncadan legion sözündən götürülüb, qədim Romada iri qoşun hissələrinin, bəzi ölkələrdə xüsusi qoşun hissələrinin adı olub. Tarixi söz olan legioner futbol terminologiyamıza da daxil olub və xarici ölkədən gələn futbolçular bu adı daşıyırlar. Əslində, hələ SSRİ vaxtında yüksək liqada yeganə təmsilçimiz "Neftçi”nin heyətində başqa millətlərdən olan gəlmə futbolçular çıxış ediblər. Buna misal olaraq Valeri Pançik, Mustafa Bilalov, Vyaçeslav Çanov, Mixail Mixaylov, Aleksandr Jidkovu göstərmək olar. Ancaq həmin vaxt hamımız SSRİ-ni təmsil edirdik və Rusiya, Ukrayna, Özbəkistandan olan futbolçularla eyni ölkənin vətəndaşları idik. Jidkov isə Azərbaycan müstəqillik qazanandan sonra vətəndaşlığımızı qəbul etdi və milli komandamızın şərəfini qorudu.
Azərbaycan müstəqillik əldə edərək öz milli çempionatını keçirəndən sonra vəziyyət tam fərqli oldu. Təbii ki, bu 24 ildə ölkəmizdə karyera yaşayan əcnəbi futbolçular çox olub və onların sayı durmadan artır. Bu zaman ortaya belə bir sual çıxır: bəs ilk legioner kim olub? İlk baxışdan bu, sıradan sual kimi görünsə də, əslində, onun cavabı araşdırma mövzusudur. Layihəmizlə bağlı olan silsilə yazılara bu mövzuyla başlamağımız da təsadüfi deyil. Hər halda, legionerlərdən söhbət açırıqsa, hər şeydən öncə ölkə çempionatında bunun ilk olaraq kim olmasına aydınlıq gətirməyimiz lazımdır.
Sözsüz ki, 90-ci illərdəki milli çempionatda indiki kimi legioner olmayıb və axın 2004-cü ildə futbolumuzdakı partlayışdan, yeni eradan sonra başladı. 2003-cü ilin axırında AFFA-da rəhbər dəyişikliyindən sonra futbolumuza dövlət səviyyəsində diqqət və qayğı artırıldı, yeni klublar yarandı və onlar qarşıya qoyduqları məqsədə nail olmaq üçün çoxsaylı legionerləri heyətinə qatdılar. Ancaq Fuad Musayevin AFFA prezidenti olduğu dövrdəki çempionatlarda da legionerlər olub. Sadəcə, milli çempionatımızın start götürdüyü 1992-ci ildən bu yana uzanan dövrün böyük hissəsi yetərincə qaranlıq görünür. Çünki həmin vaxtlar bir-birini əvəzləsə də, daimi ola bilməyən idman nəşrlərinin səviyyəsi futbolumuzla ayaqlaşmaqda çətinlik çəkirdi. Nəticədə yarışlar heç də həmişə işıqlandırılmırdı, pərdəarxası məqamlar, maraq doğuran faktlar araşdırılmır, kölgədə qalırdı. Nə yaxşı ki 1997-ci ildə yaradılan "Futbol+” qəzeti zaman-zaman bu boşluqları aradan qaldırmağa çalışır, indidin özündə də bu kimi məsələlərə xüsusi diqqət yetirir.
İlk çempionatdan iki namizəd: birinin faciəvi ölümü, digərini səfil həyatı
1974-cü il təvəllüdlü Sissey isə qapıçı olub və yalnız ilk milli çempionatımızda iştirak edib. O, sonrakı adı "Azərneftyağ” olan "Tərəqqi” (Bakı) klubunun heyətində 7 oyun keçirib və 17 qol buraxıb. Tanınmış mütəxəssis Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Sisseyi Tartaraşvili kimi soyadına görə legioner saymaq aldadıcıdır. Hər halda, araşdırmaların nəticəsi qapıçının əcnəbi olmadığını göstərir.
Sissey əslində, afrikalı yox, sumqayıtlı, "Sumqayıt uşağı” olub. Qaradərili yox, mulat olan qapıçı Syerra-Leonedən olan tələbəylə "Gənclik şəhərin"dən olan rus xanımın nigahından dünyaya gəlib. Tuayevin rəhbəri olduğu Bakı İxtisaslaşdırılmış Futbol Məktəbində futbolun sirlərini öyrənən Sissey Arif Əliyevin rəhbərliyi altında ilk addımlarını atıb. Həmyaşıdları arasında iki dəfə respublika çempionu olan qapıçı yığmaya da cəlb olunub. Bu, ümumittifaq səviyyəsində çıxış edən Azərbaycan yığması idi ki, 1974-cü il təvəllüdlülərdən ibarət bu komandanın əsas qapıçısı Dmitri Kramarenko, əvəzləyicisi isə Alfred Aamusa Sissey olub.
Ancaq onun karyerası uzun müddətli olmur. Futbolçu kimi pul qazana bilməyən Sissey alver etməyə başlayır və Rusiyaya yollanır. Futboldan birdəfəlik ayrılan qapıçı idmandan başqa işlərlə məşğul olur. Ara-sıra Sumqayıta baş çəksə də, həyatı birdəfəlik Rusiya ilə bağlı olur. Sissey Volqoqrad və Rostov vilayətlərində xoşbəxltik axtarsa da, faciəvi durumla üzləşir. Onunla bağl son məlumatlar Volqoqrad ətrafında şəhərciklərin birində səfil həyatı sürməklə məşğul olması idi.
İkisi də legioner, ikisi də eyni mövsümdə oynayıb, ancaq...
İlk milli çempionatımızın iştirakçıları olan Tartaraşvili ilə Sisseyin ilk legioner olmadıqları dəqiqləşəndən sonra əsas namizəd Otar Korqalidezə sayılırdı. Ancaq o, Tartaraşvilidən fərqli təkcə milliyətcə gürcü yox, Gürcüstan vətəndaşı olub, Gürcüstanda doğulub. 1960-cı il təvəllüdlü, ampluaca yarımmüdafiəçi olan Korqalidze "Neftçi”nin ilk dəfə Azərbaycan kubokunu qazandığı 1994/95 mövsümündə onun heyətində çıxış edib, 4 oyunda 2 qol vurub. Gürcü futbolçu 1995-ci ilin fevralın 2-də "Qarabağ”la qolsuz bərabərliklə nəticələnən səfər oyununda debüt edib. İlk qolu ilə ilk dublu eyni matça təsadüf edib. Bu, 1995-ci ilin aprelin 18-də Bərdənin "Pambıqçı” klubuna evdə 6:0 hesabı ilə qalib gəldikləri oyundur. Korqalidzenin həmin matçda vurduğu qollardan biri ötən mövsüm bütün dünyanın diqqət mərkəzində olan "Barselona”sayağı penaltidən olub. Messi 11 metrlik cərimə zərbəsindən topu birbaşa qapıya göndərməyib Luis Suaresə ötürmə verməklə qola səbəbkar olmuşdusa, hələ 21 il öncə "Neftçi” belə qol vurub. Onda Yunis Hüseynov penaltini bu cür yerinə yetirərək məhsuldar ötürməylə Korqalidzenin fərqlənməsinə imkan yaratmışdı.
Gürcü yarımmüdafiəçinin legioner olmasına şübhə olmasa da, bu, onun ilk legioner olması demək deyil. Çünki ondan öncə Azərbaycan milli çempionatında top qovan əcnəbi futbolçu olub. Çempionatımız üçün önəmli olan mövzuda hərtərəfli araşdırmamızın yekununda bu nəticəyə gəldik. Söhbət həmin 1994/95 mövsümündə Bakının "İnşaatçı” klubunun heyətində çıxış etmiş Mustafa Xeyridən gedir. İlk baxışdan belə belə düşünmək olar ki, o, Azərbaycan vətəndaşı olan bir futbolçudur. Ancaq ampluaca hücumçu olan Xeyri qardaş ölkə Türkiyənin vətəndaşı olub. Hələ o vaxtlar çıxan "Səhər” qəzetində Mustafa Xeyrinin Azərbaycan milli çempionatında çıxış etmiş ilk əcnəbi futbolçu olması ilə bağlı informasiya yerləşdirilmişdi. Ancaq təkcə bu məlumatla kifayətlənməyib, araşdırmalarımızı davam etdirdik. Bu işdə bizə "İnşaatçı”nın sabiq futbolçusu, hazırda AFFA-nın Hakim-İnspektorlar Komitəsinin üzvü olan Şahin Cəfərov yardımçı oldu. Onun vasitəsilə əlaqə qurduğumuz Nəsimi Xəlilov Mustafa Xeyri ilə "İnşaatçı”da komanda yoldaşı olub. Qax futbol məktəbinin yetirməsi olan Xəlilov Xeyri ilə 1994/95 mövsümündə çiyin-çiyinə oynayıb. Gəlin, Nəsimini dinləyək: "Mustafa Xeyri komandamızda legioner futbolçu kimi çıxış edirdi. O, Türkiyə vətəndaşı idi. Bakıda təhsil alırdı. Azərbaycan Pedaqoji İnstitutun tələbəsi idi. Düzdür, bizdə az oynadı. Ancaq qol da vura bilmişdi. Yadımdadır, Lənkəran "Xəzər”i ilə oyunda fərqlənmişdi”.
Həmin mövsümdə "İnşaatçı”nın əsas heyət oyunçularından sayılan, matç sayında 2-ci olan Xəlilovun yaddaşı onu yanıltmır. Xeyri həqiqətən də Lənkəran "Xəzər”inə qol vurub. Bu, 1994-cü lin noyabrın 6-da 1:1 hesabı ilə nəticələnən səfər matçında olub. Maraqlıdır ki, Xeyri elə debüt matçında qol vurub. Bu, milli çempionatımızda 3 oyun keçirmiş türkiyəli futbolçunun yeganə qolu olub. "İnşaatçı” isə həmin 1994/95 mövsümündə 24 oyunda 11 xal toplayaraq çempionatı 13 komanda arasında 11-ci pillədə bitirib.
Üçü də bir legionerdə cəmləşib
Bəli, Georgi Tartaraşvili - Alfred Aamusa Sisey - Otar Korqalidze – Mustafa Xeyri kvartetində məhz sonuncu başqa ölkə vətəndaşı kimi çıxış etdiyindən ilk legioner sayılmalıdır. Araşdırmamızın nəticəsi bunun təsdiqləməklə Korqalidze variantı avtomatik arxa plana keçirdi. Çünki gürcü futbolçu Mustafa Xeyri ilə eyni mövsümdə Azərbaycan milli çempionatının iştirakçısı olsa da, ondan gec – 3 ay sonra debüt etdiyindən zaman baxımından geri qalır. Xeyri 4-cü milli çempionatımızın ilk, Koqralidze isə ikinci dövrəsində siftə edib. Gürcü futbolçu milli çempionatımızda ilk dubl edən legioner olması ilə öyünə bilər.
İlk mövzumuzda məqsədimiz təkcə ilk legionerin kimliyinə aydınlıq gətirmək yox, ilk qol və ilk avtoqol müəllifini də müəyyənləşdirmək idi. Hər halda, bunlar da vacib statistik məqamlardır. Ancaq bunu aydınlaşdırmaq üçün geniş araşdırma aparmağımıza ehtiyac olmadı. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Xeyri elə debüt oyununda qol vurub. Ən maraqlısı odur ki, ilk avtoqol müəllifi də məhz bu futbolçudur. Xeyri 1994-cü ilin noyabrın 20-də Buzovnanın "Xəzri” klubuna 1:2 hesabı ilə uduzduqları ev oyununda öz qapısına qol vurub.
Göründüyü kimi, türkiyəli hücumçu hər 3 göstəricidə ilkləri özündə cəmləşdirib. Yəni Azərbaycan milli çempionatının ilk legioneri də, ilk qolunun və ilk avtoqolunun müəllifi də Mustafa Xeyridir. Yeri gəlmişkən, 90-ci illərdə keçirilən çempionatlarımızda avtoqollar "yox” səviyyəsində olub. Təsadüfi deyil ki, XX əsrdə ilk və yeganə avtoqol məhz Xeyrinindir. İkinci avtoqol yalnız 11-ci milli çempionatımızda – başa çatmayan 2001/02 mövsümündə qeydə alınıb. Bu, "Qarabağ-Azərsun”un rusiyalı yarımmüdafiəçisi Aleksandr Baxtinə məxsusdur. O, 2001-ci ilin dekabrın 9-da "Şəmkir”ə öz meydanında 1:3 hesabı ilə uduzduqları oyunda əvvəlcə rəqib, sonra öz qapısına qol vurub.
Beləliklə, Xeyri ilə başlayan legioner axınını futbolumuz, çempionatımız üçün xeyirli saymaq olar. Hər halda, klublarımızın qarşıya qoyduğu məqsədə çatmalarında heyətində yer alan çoxsaylı əcnəbi futbolçuların böyük faydası olub.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib