Həmin 299 legioner keçmiş SSRİ-nin 10 respublikasını təmsil edir. Təbii ki, Azərbaycan, Gürcüstan və bir də Ermənistanı bura daxil etmirik. Hər halda, bədnam qonşularımız olan ermənilərdən futbolçu bura gələ bilməz. Qalan 12 ölkədən 2-dən - Orta Asiya təmsilçiləri Qazaxıstanla Qırğızıstandan milli çempionatımızda futbolçu olmayıb.
Azərbaycan milli çempionatında təmsil olunan postsovet məkanı təmsilçiləri
1. Ukrayna - 94 futbolçu
2. Rusiya - 86 futbolçu
3. Moldova - 32 futbolçu
4. Belarus - 23 futbolçu
5. Litva - 20 futbolçu
6. Latviya - 17 futbolçu
7. Türmənistan - 14 futbolçu
8. Estoniya - 7 futbolçu
9. Özbəkistan - 3 futbolçu
10. Tacikistan - 3 futbolçu
Postsovet məkanından ilk legionerlər hələ 90-cı illərdə olub. Bu, 1997/98 mövsümünə təsadüf edib. Həmin 7 legionerdən 5-i Rusiyanı (Deni Qaysumov - "Şəfa", İsmayıl Mirzəyev - "Neftçi", Dmitri Smirnov, Mixail Şişlin, Murat Qamleşko - hər üçü "Kəpəz"), 2-si Ukraynanı - (Sergey Puşkov, Viktor Kulikov - hər ikisi "Araz", sonrakı "Bakılı") təmsil edib. Bu legionerdən 4-ü ilk turda "Kəpəz" - "Araz" oyununda debüt edib. Bunlar meydan sahiblərində Şişlinlə Smirnov, qonaqlarda Kulikovla Puçkovdur.
Aleksandr Çertoqanov 2 göstəricidə liderdir
Həmin 229 legionerdən 13-ü 100-dən çox oyun keçirib. Bunlar arasında oyun sayında lider ümumiyyətlə, Azərbaycan milli çempionatında matç sayında rekordçu Aleksandr Çertoqanovdur. 36 yaşlı milliləşdirilən ukraynalı yarımmüdafiəçi 2004-cü ildən cari mövsümədək fasilədək oynayıb və bu mövsüm Premyer Liqamızdan kənarda qalıb.
100-dən çox oyun keçirən legionerlər
1. Aleksandr Çertoqanov (Ukrayna, yarımmüdafiəçi) - 292 oyun
2. Arif Daşdəmirov (Rusiya, müdafiəçi) - 263 oyun
3. Vladimir Levin (Ukrayna, müdafiəçi) - 231 oyun
4. Tagim Novruzov (Rusiya, yarımmüdafiəçi) - 188 oyun
5. Əziz Quliyev (Rusiya, müadfiəçi) - 144 oyun
6. Vadim Borets (Moldova) - 140 oyun
7. Viktor Kulikov (Ukrayna, hücumçu) - 135 oyun
8. Bədavi Hüseynov (Rusiya, müdafiəçi) - 133 oyun
9. Məhəmməd Mirzəbəyov (Rusiya, müdafiəçi) - 116 oyun
10. Ruslan Qurbanov (Rusiya, hücumçu) - 116 oyun
11. Nazar Bayramov (Türkmənistan, yarımmüdafiəçi) - 105 oyun
12. Yuri Fomenko (Ukrayna, hücumçu) - 103 oyun
13. Dmitri Kruqlov (Estoniya, müdafiəçi) - 101 oyun
Çertoqanov eyni zamanda ən çox mövsüm keçirən legionerdir. Bu da onun 12 mövsüm fasiləsiz oynamasıdır. Aleksandrın hazırda kənarda qaldığını nəzərə alsaq, milli çempionatımızda Dağıstandan gələn həmyerliləri - Arif Daşdəmirovla Tagim Novruzov ona çatacaqlar. Çertoqanovun həmyerlisi, onun kimi milliləşərək yığmamızda oynayan Vladimir Levin isə artıq 2 ildir Azərbaycanda çıxış etmir.
Ən çox mövsüm keçirən legionerlər
1. Aleksandr Çertoqanov (Ukrayna, yarımmüdafiəçi) - 12
2. Arif Daşdəmirov (Rusiya, müdafiəçi) - 11
3. Vladimir Levin (Ukrayna, müdafiəçi) - 11
4. Tagim Novruzov (Rusiya, yarımmüdafiəçi) - 11
Ən çox klubda oynayan legionerlər
1. Tagim Novruzov (Rusiya, yarımmüdafiəçi) - 9
2. Aleksandr Çertoqanov (Ukrayna, yarımmüdafiəçi) - 6
3. Arif Daşdəmirov (Rusiya, müdafiəçi) - 6
4. Əziz Quliyev (Rusiya, müdafiəçi) - 5
5. Anatoli Doroş (Moldova) - 5
20-dən çox qol vuran legionerlər
1. Bahodir Nasimov (Özbəkistan, hücumçu) - 38 qol
2. Viktor Kulikov (Ukrayna, hücumçu) - 35 qol
3. Anatoli Doroş (Moldova, hücumçu) - 32 qol
4. Vladimir Mazyar (Ukrayna, hücumçu) - 29 qol
5. Ruslan Qurbanov (Rusiya, hücumçu) - 28 qol
6. Robertas Poşkus (Litva, hücumçu) - 25 qol
7. Yuri Fomenko (Ukrayna, hücumçu) - 24 qol
8. Dmitri Kudinov (Rusiya, hücumçu) - 22 qol
9. Leonid Kalfa (Ukrayna, hücumçu) - 20 qol
Bu 10 respublikadan milli çempionatımızda 35 qapıçı çıxış edib. Onlardan 50-dən artıq matç keçirən cəmi 5 qapıçı var. Bunlar arasında oyun sayında 1-ci latviyalı Pavel Doroşevdir. O, "Qəbələ"nin heyətində "quru seriya" ilə bağlı rekorda da imza atıb. Doroşevin oyun sayında ən yaxın izləyicisi olan Andrey Popoviç isə ən çox qol buraxandır. Milliləşən ukraynalı qapıçı 119 dəfə topu qapısından çıxarmalı olub.
50-dən çox oyun keçirən qapıçılar
1. Pavel Doroşev (Latviya, 95 oyun, 89 qol buraxıb)
2. Andrey Popoviç (Ukrayna 80 oyun, 119 qol buraxıb)
3. Tamerlan Məcidov (Rusiya, 70 oyunda 115 qol buraxıb)
4. Eduard Kokoyev (Rusiya, 56 oyunda 71 qol buraxıb)
5. Stanislav Namaşko (Moldova, 54 oyunda 59 qol buraxıb)
Qapıları səhv salanlar arasında antrekordçu Bədavi Hüseynovdur. Milli komandamızın şərəfini qoruyan rusiyalı müdafiəçi "Qarabağ"ın heyətində 2 dəfə avtoqol edib. İlk "10-luq"dakı qalan legionerlər hərəyə 1 dəfə topu öz qapılarına göndəriblər.
Avtoqol edən legionerlər
1. Bədavi Hüseynov (Rusiya, müdafiəçi) - 2
2. Vladimir Levin (Ukrayna, müdafiəçi) - 1
3. Murad Hüseynov (Rusiya, hücumçu) - 1
4. Denis İvanov (Latviya, müdafiəçi) - 1
5. Aleksandr Baxtin (Rusiya, yarımmüdafiəçi) - 1
6. Aleksandr Krutskeviç (Belarus, müdafiəçi) - 1
6. Andrey Kolinenko (Ukrayna, yarımmüdafiəçi) - 1
7. Aleksandr Malıgin (Ukrayna, müdafiəçi) - 1
8. Kamil Yunusov (Rusiya, müdafiəçi) - 1
9. Adil İbrahimov (Rusiya, müdafiəçi) - 1
10. Ritus Krjauklis (Latviya, müdafiəçi) - 1
Azərbaycan kubokuna həsrət qalan rekordçu
Ən nəhayət, medal kolleksiyasında Vladimir Levinin liderliyi diqqət çəkir. 32 yaşlı ukraynalı müdafiəçinin hesabında 7 medal var. Bunlardan 2-si qızıl, 1-i gümüş, 4-ü bürünc medaldır. Çempionlar arasında isə rekordçular Bədavi Hüseynovla Bahodir Nasimovdur. Onlar müvafiq olaraq "Qarabağ" və "Neftçi" ilə ardıcıl 3 mövsüm çempion olmaqla hamıdan üstün olublar. Levinlə yanaşı, onun həmyerlisi Viktor Kulikov və Rusiyadan müdafiəçi, "İnter"in sabiq kapitanı Əliyar İsmayılov 2 dəfə Azərbaycan milli çempionatının qalibi olub.
Bədavi eyni zamanda Azərbaycan kubokunun ən çox qalibidir - 2 dəfə. Levin isə finalda ən çox oynayan (3 dəfə) olsa da, hamısında məğlub olub və Azərbaycan kubokuna həsrət qalıb. Ən azı 2 dəfə finalda oynayanlar dağıstanlılar Arif Daşdəmirovla Əliyar İsmayılov da məğlubiyyət aıcısı dadıblar. Aleksandr Çertoqanov, Ruslan Qurbanov və Rusiya futbol məktəbinin yetirməsi olan Samir Məsimov 1 dəfə finalda qalib gəlib, 1-də məğlub olublar. Hətta Məsimova "Qəbələ"dən oyunsonrası penaltilərdə üstün olduqları 2014-cü il finalda qol da vurmaq müəssər olub.
Azərbaycanda qeyri-adi legionerlər də oynayıb. Məsələn, Lahiyalov soyadlı futbolçunun Rəşid, yoxsa Şamil olması müzakirə obyektinə çevrilib. Hücumçu yığmamızda Rəşid adı ilə oynasa da, bu, qardaşıdır. Əslində isə o, Rusiyada tanınmış futbolçulardan olan nŞamil Lahiyalovdur. Yaxud onunla yığmamızda komanda yoldaşı olmuş futbolçunun Aftandil Orucov, yoxsa Ələddin Xamatov olması maraq doğurur.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib