
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində sabah mübarizəyə başlayacaq. Sportnet.az-ın məlumatına görə, Nazim Süleymanovun yetirmələri Litvanın Mariyampole şəhərində keçiriləcək qrup oyunlarında iştirak edəcək.
Millimiz meydan sahibləri ilə yanaşı, Avstriya, Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qüvvəsini sınayacaq. Hər 3 matçımız Bakı vaxtilə saat 15:00-da başlayacaq.
Yığmamız ilk oyununu sabah avstriyalılarla keçirəcək. Oyunu belçikalı Conatan Lardo idarə edəcək. Ona həmyerlisi Frederik Qodelaynla litvalı Vitis Snarkis kömək edəcək. Dördüncü hakim funksiyasını da yerli hakim - Manfredas Lukyançukas yerinə yetirəcək. Millimiz bosniyalılarla oktyabrın 6-da, litvalılarla 9-da üzləşəcək.